Yuxuna qurban



Niyə belə erkən gözü nəmlisən?

Röyamı görmüsən, yuxuna qurban.

Qaşların çatılıb, niyə qəmlisən?

İslaq kipriklərin oxuna qurban.



Buyur, çək istəsən sınağa məni,

Elə öz ömrünə sadağa məni.

Qısqanma ötəri alağa məni,

Güldən gözəl olan qoxuna qurban.



Sən, ey ürəyimin arzu, diləyi,

Tale bəxş eyləyən sevgi mələyi,

Əgər bacarsaydım əsən küləyi

Qoymazdım telinə toxuna, qurban.



Sakitəm, çox şeyi səndən danmışam,

Gözəllər önündə xırdalanmışam.

Tək sənin eşqinə belə yanmışam,

Baxma ki, demişəm çoxuna qurban…



Sakit Memmedova
www.kafiye.net