🇦🇿

VƏTƏNDƏ İLK QAR



Pəncərənin önündə
Bir göyərçin gözləyir.
Uçuşan damlaları
Baxış-baxış izləyir.


Göyərçin millətim, can,
Qara həsrət qalanım.
Canım Azərbaycanım,
Qoy başına dolanım.


Xəzərimin qoynunda,
“Qız Qala” başına tac,
Qışın oğlan çağında,
Bir qətrə qara möhtac.


Gözün aydın, Vətənim,
Qar düşdü dağlarına.
Qurbanam ilqarına,
Həm də ki, ilk qarına.


Qərib Səadət isə
Vətəndən ayrı qalıb.
Qürbət ellər qəribin
Ömründən ömür çalıb.


Baharlarda baharsız
Buzlaşıbdı arzusu,
Amma xəyallarında
Günəş saçır duyğusu.


Vətənindən “didərgin”
Saralan bir gülün var,
Bir qəribəm ey Vətən
Məni özünə qaytar.



Səadət Qərib
www.kafiye.net