Bir qadına.Olmuş əhvalat…Və indi peşman olduğunu da bilirəm doğmalardan uzaqda…



Ta Allah da yer üzünə baxmadı


Bir zaman eşqinə and içən qadın,

Kim səni aldatdı,bu günə saldı?

Elə uydun,elə döndün,dəyişdin,

Əməlinə şeytanlar da çaş qaldı.




Kim səni aldatdı,bu günə saldı?

Andın-amanın da döndü,dəyişdi.

Yer də,göy də- hər şey döndü tərsinə,

Dil damaqla,damaq dillə əyişdi.




Elə uydun,elə döndün,dəyişdin,

Bənzəmədin o əzəlki özünə.

Söndü o atəşin,söndü odun da,

Kül ələndi məhəbbətin gözünə.




Sənin əməlindən, sənin üzündən

Leyli də,Şirin də yalana döndü.

Məcnunun,Fərhadın qəlbi tarimar,

Kərəmin dünyası talana döndü.




Leyli də,Şirin də,Əsli də yalan,

Yetmədi köməyə nə din,iman da.

Bundan belə məhəbbətə,sevgiyə

Nə inam qalmadı,nə bir güman da.




Yer də,göy də,hər şey döndü tərsinə,

Yay od ələmədi,qış qar yağmadı.

Sənin əməlindən,bu bəd işindən

Ta Allah da yer üzünə baxmadı…




MƏZAHİR İSGƏNDƏR

www.kafiye.net