Azadlıģa çıxan məhbus

“Qarabağım”!

Zümrüdqaşlı bulaqların

zümzüməsinə,

Xarıbülbülün aşiqi,

bülbüllərin eşq nəğməsinə,

Cıdır düzündə, qonur libaslı

köhlənlərin kişnəməsinə

həsrət qaldığımız Qarabağım…

Məhbusu olduğun zülmətin

çiliklənməsini,

yağmalanmış arzularının,

qırılmış ümidlərimizdən

yandırdığımız ocaqların

hənirinə qısılıb,

dan yerinin sökülməsini

səbrsizliklə gözləyirik.

Arabir mirvari yağmur damcıları

gah içimizi göynədən yaralarımızı,

gah da günəş şəfəqlərini gözləyən

utancaq bənövşələrin

ləçəklərinə qonan şeh kimi,

çatlamış dodaqlarımı isladır.

Vətənin sinəsinə tuşlanan

güllə səslərindən yağan damcılar

özüylə həm kədəri, həm sevinci ovlayır.

Torpağın hər qarışında

şəhid olur igidlərin gözlərindəki

vətən sevdalı həsrətli gülüşlər.

Azad etdiyi torpaqlarda

otuz ilin yurd həsrətilə

titrəyən ürəklərdə gerçəkləşir

doğma ocaqlarıyla görüşlər.

Kimisi illərlə həsrətində olduğu

ata ocağında boynubükülü qalan

ağacları bağrına basır,

kimisi dizin-dizin doğmalarının,

ruhları qarşısında baş əyir,

illərdi tərk etdikləri ata-babalarının

məzarları önündə sürünür.

Kimisi şəhidlərin daģlara,

daşlara çökən naləsini,

vətən harayını nəfəsində duyur,

Kimisi qələbə sevincindən

kipriklərində intihar edən

göz yaşlarında boģulur.

Oğullarımız günahsız

qız-gəlinlərimizin,



doğulmamış körpələrin inləyən, eşidilməyən fəryadını qaytarır düşmənə, zəfər qoxulu güllə yağışlarında .

İgidim bilmir ki, zəfərinə sevinsin…

Ya, əyninə geyindiyi acı xatirələrin arxasınca sürünsün…

Ya Rəbbim, çox şükür deyərək, öpüb gözləri üstünə qoyduğu vətən torpağında tapır təskinliyini.

Tarixə qanla yazılan bu vəhşətlər içərisində anlayır, Tanrının bizə bəxş etdiyi, heç nə ilə əvəz olunmayan, “Vətən” sevgisinin dəryalar tək dərinliyini.

Şükranlıqla körpə uşaq anasının qoxusuna sığındığı kimi, dağın-dərənin gül-çiçək qoxuyan, vətən ətirli havasını içinə çəkərək deyir:

Mənim Məkkəm, Mədinəm, İslamiyyət günəşi doğan qibləmsən Vətənim!

Xalide Nuray.
04.11.2020-ci il
www.kafiye.net