Y A Z I Y A D O Ğ R U …..




Allah verib mənə yazı yazanda

Quşlarının yuva qurmaq həvəsin.

Bir bilmərəm ki gündüzmü,gecəmi,

Necə gəlir,necə gedir nəfəsim?




Üzərəm…Üzərəm o dənizdə ki,

Misralar dalğadı, sözlər ləpədi.

Qayığım vərəqlər, avarım qələm,

Olmuşam bu yolda yolçu,əbədi.




Nə dönüşü,nə sonu var bu yolun,

Gedərəm,axsa da tərlər gözümdən.

Gedərəm yazılan yazıya doğru,

Alıb ələ ürəyimin közündən.




Gedərəm yazılan yazıya doğru,

Yayda üşüyərəm,qışda yanıram.

Bu nə sirdi,nə möcüzə,nə işdi,

Nə bənd-bərə,nə də sərhəd tanıram.




Gedərəm yazılan yazıya doğru,

Bir gözüm gülərkən,birisi ağlar.

Bir əlim başıma sığal çəksə də,

Bir əlim üzümü-gözümü dağlar.




Gedərəm yazılan yazıya doğru,

Danışıb da Məcnunların dilindən.

Nə olar ki,bu yazıya vermə son,

Yazı yazan, öpüm yazan əlindən!




MƏZAHİR İSGƏNDƏR

22.11.2021

www.kafiye.net