BU NƏ GEDİŞDİ



Öz doğma ocağının qoru, hərarətiydin,

Bacının vüqarıydln, əzmi, əzəmətiydin,

Qardaşlıq baxçasının ətri, təravətiydin,

Əcəllə üzləşincə, ölümə verdin yaxan,

Bu nə gedişdi qardaş, bu nə vidaydı, Elxan!



Sənə şeir borcum var, yazmasam ruhum yanar,

Yazsam kağız alışar, əldə qələmim sınar,

Şerimin hər misrası, hər bəndi səni anar,

Bu gediş ki, var fəqət, tanımayır nə bəy, xan,

Bu nə gedişdi qardaş, bu nə vidaydı, Elxan!



Sənin kimi olmadı hər ana sevən oğul,

Ayaq üstə durunca həyatın etdin nağıl,

Qəlbində cəm olmuşdu şəfqət, mərhəmət, ağıl,

Nəydi o qəlbi deşən, nəydi ciyəri yaxan,

Bu nə gedişdi qardaş, bu nə vidaydı, Elxan!



El obanla döyündü Vətən deyən ürəyin,

Qəriblikmi gətirdi vurdu yerə kürəyin,

Gərək sənə qıymazdı, qolu sınsın fələyin,

Gedişin ağır oldu, çoxdu dalınca baxan,

Bu nə gedişdi qardaş, bu nə vidaydı, Elxan!





Təvəkkül Goruslu. 19.10.2021

www.kafiye.net