Hansı dildə


Bu yuxu da çin çıxacaq,

Hansı dildə başa salım?

Sabah yenə gün çıxacaq,

Gecə, sənin qadan alım.!




Saat, neçə gün oyaqsan?

Divar neçə il yatırsan?

Vaxt,evimdə bir qonaqsan,

Necə səni yola salım?




Qapı açdığı ,yer qalmadı,

Pəncərə öldü pərdəsiz,

Ömür yedim səs salmadı,

Süfrəmizə çox vədəsiz,

Neçə dərdi qonaq alım?!




Bu yuxudan oyanmağa,

Saat səsi bəs eləməz,

Öz ocağında yanmağa,

Közün susar, səs eləməz,

Küçə,evdə necə qalım?

Köçən evdə necə qalım?




Boş vaxtı ayırma , dolu günlərə,

Səs salar vaxtına , vaxtın ağrıyar.

Calaq eləmisən kolu güllərə,

Ətri tikanında zəhər saxlıyar,

İçə budaqların içə, içə yolum!!



Elə çox yatmışam, yuxu səsinə,

Oyandım gözümdə saat işlədi.

Zaman tətiyindən, vaxt ölkəsinə,

Bir işıq açıldı, məni dişlədi,

Keçə ,keçə, yuxu olum ,yuxu olum!!

Bu yuxu da çin çıxacaq.!!

Sabah yenə Gün çıxacaq!!



Dilşad  Araz
www.kafiye.net