OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR.

Hekayə.1





Mənsurə Əkrəmlə evlənəndə onun 18 yaşı yenicə tamam olmuşdu. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə baxmayaraq, valideyinləri onun ali təhsil almağına mane olmuş və onu erkən ailə həyatı qurmağa məcbur etmişdilər.Səbəb isə ailənin həddən artıq kasıb olması olmuşdur ki, bu da Mənsurənin həyatı bahasına başa gəlirdi.

Əkrəm isə qismən varlı ailənin uşağı idi. Boylu buxunlu və çox da sakit və tərbiyəli uşaq olduğundan, heç bir valideyin qızını ondan əsirgəməzdi. Mənsurənin də valideyinləri məhz buna görə idi ki, qapıya gələn qismətə yox deməmişdilər.

Mənsurə bu evliliyə ilk öncə narazı olsa da, Əkrəmin mülayim xasiyyəti, mehriban davranışı tezliklə Mənsurənin ürəyinə sevgi toxumu səpmişdir ki, bu da bir ailənin qurulmağına səbəb olmuşdu.

Əkrəmin valideyinləri elə ilk gündən Mənsurəni sevməyə başlamışdılar. Onun nə qədər kasıb ailədən gəldiyini hiss etdirməmək üçün, hər kəlmələrini düşünərək söyləyirdilər ki, gəlinlərinin qəlbinə toxunmasın.

Günlər keçdikcə Mənsurə və Əkrəm biri-birlərini daha da çox sevməyə başlayırdılar. Mənsurə səhər tezdən durar, ərini işə yola salar, sonra isə qaynana və qaynatasının qulluğunda durmağa çalışardı.

Evdə qulluqçu olmağına baxmayaraq, Mənsurə yeməkləri özü bişirir, süfrəyə özü düzərdi. Əkrəm dəfələrlə desə də ki, sən istirahət elə yemək bişirmə, Mənsurə buna əhəmiyyət verməmişdi. Bir gün qaynanası Həlimə gəlinini yanına çağırıb dedi:

-Qızım, evdə qulluqçu var. Sən niyə yemək bişirib yorulursan axı? Sən istirahət elə bala, hələ bizə nəvələr verəcəksən. Bilirsənmi, mənim yeganə bir övladım var. Onun övladlarını görmək mənim ən böyük arzumdur.

Mənsurə gülümsəyərək qaynanasının əllərindən tutdu.

-Anacan, qulluqçu ev işlərini görür mən isə yalnız yemək bişirirəm.Axı bir kişi qadınının əlindən yemək yeməsə ailəsi olub olmadığını hiss edə bilməz.Mən sənin oğlunu da, nəvələrini də bax bu əllərimlə bəsləyəcəyəm.

Gəlininin bu ibrətamiz sözləri Həlimənin ağlına batdı və ona olan hörməti birə on artmağa başladı.

-Halal olsun sənə qızım. Arzuladığım kimi bir gəlinsən deyib onu bağrına basdı.

Beləcə günlər ayları, aylar isə illəri əvəz etdi. Mənsurənin hamilə qalmamağı bütün ailənin narahatlığına səbəb olmağa başlamışdı. Elə Mənsurənin özü də çox narahat idi. Evliliklərindən iki il keçmişdi hələ də hamilə qala bilməmişdi. Buna görə də o, həkimə gedib, müayinədən keçmək qərarına gəldi.

Müayinə isə ona ürəkaçıcı xəbər vermədi. Onun övladı heç zaman olmayacaqdı. Həkimin son müayinəsinin cavabı Mənsurənin sanki belini bükdü.

O, canı qədər sevdiyi Əkrəminə övlad, anası qədər sevdiyi qaynanasına nəvə verə bilməyəcəkdi.

Mənsurə xəstəxanadan çıxıb, fikirli halda evə getmək istəyərkən, maşın siqnalı onu xəyallardan qopardı.

Gəlin xanım hara gedirsiniz?

Mən bayaqdan sizi gözləyirəm deyərək sürücü maşının arxa qapısını açdı. Mənsurə fikirli halda maşına minib, başını pəncərəyə söykədi. İlahi mən evdə nə deyəcəyəm? Mən necə deyəcəyəm ki, mənim övladım olmayacaq?

Bu və bu kimi düşüncələr altında evə necə çatdığını bilmədi. Yenə də onu sürücünün səsi xəyallardan ayırdı.Gəlin xanım çatmışıq buyurun. Mənsurə diksinərək sanki dərin yuxudan oyandı. O, ağır addımlarla otağına tərəf getdi.

Nərdivanları qalxarkən sanki onun ayaqları geri qayıdırdı. Otağına keçib qapını bağladı və üzü üstə yatağına uzanıb hönkürtü ilə ağlamağa başladı.



Ardı var.



metanet Duyğulu
www.kafiye.net