XARİC



Şairlər cərgəsi sıxlaşır, artır,

Cərgənin nizamı, ülgüsü xaric.

Yorulmur, usanmır, sözlə baş qatır,

Şeirin, misranın bölgüsü xaric.



Nə çoxdur qələmin sağ – sola çalan,

Barmağı yanaqda xülyaya dalan.

Yanlayıb dindirsən vay- şüvən salan,

Şeirdən, misradan bilgisi xaric.




Nə çoxdu imiclə şair görünən,

Sətirin altına düşüb sürünən,

Arazla axınan, Kürlə kürünən,

Şeirlə, misrayla ilgisi xaric.




Nə çoxdu ədəbi məcmu çap edən,

Kəlamı sürgünə cəld etap edən,

Redaktor oluban həm kitab edən,

Şeirdən, misradan dərgisi xaric.




Nə çoxdu nəğmələr, mahnı qoşanlar,

Şüdd ilə, ilhamla deyib coşanlar,

Hər(i)fdə çaşanlar, səsdə çaşanlar,

Şeirdən, misradan şərqisi xaric! ….




Təvəkkül Goruslu. 06. 06. 2021
www.kafiye.net