DOĞMA   ÖVLAD 4

Hekayə






Səmayəm, biz hara getsək də, saxladığımız bu sirr bizimlə gələcəkdi və hardasa düyün açılacaq, doğrular gün işığı görəcəkdi. Bu həyatda heç bir sirr gizli qalmayıb əzizim. Özünü ələ al. Bundan sonra bizim vəzifə və məsuliyyətimiz daha da artdı. Biz Kamrana dəstək olmalıyıq, onu yıxılmağa qoymamalıyıq.Ən əsası isə onun əsil valideyinləri olduğumuzu sübut etməliyik

Özünü buraxma Səmayəm.Məni tək qoyma. Bundan sonra bizim biri birimizə böyük ehtiyacımız var. Həmçinin də Kamranın bizə. İndi qalx ayağa, üz-gözünü yu. Kamranla bərabər söhbət edərik.

Ərinin sözləri Səmayənjn ağlına batmışdı.O, yerindən cəld ayağa qalxaraq, süfrəni qurdu və oğlunun otağının qapısını döyərək dedi.

-Oğlum, gəl yemək yeyək sənin sevdiyin yeməkləri bişirmişəm. Otaqdan Kamranın səsi gəldi.

-Gəlirəm.

Səmayə qapının arxasında bir az dayandı ki, bəlkə “ana” kəlməsini də eşidər amma, bu gün həmin kəlməni eşidə bilmədi.

Bu gün Səmayənin süfrəsində əvvəlki şadraqlıq, əvvəlki sevgi yox idi. Ev matəm evinə, süfrə isə yas süfrəsinə bənzəyirdi.

Kamran uzun-uzadı fikrə gedir, qaşığını boşqabına vurur, nələrsə deməyə çalışırdı. Bunu hiss edən Amin, sükutu pozdu.

-Kamran oğlum, yeməyini bitir oturub səninlə ciddi söhbət edək.

Kamran qaşığını yerə qoyaraq dedi.

Mən yeməyimi bitirmişəm.

Süfrə yığışıldıqdan sonra, Amin bütün olanları Kamrana danışdı və onu da bildirdi ki, doğma övladlar belə onun gördüyü sevgini görməyib.

Kamran hekayəni dinlədikdən sonra uzun- uzadı susdu.

-Bir söz deməyəcəksənmi oğlum – deyərək Amin sükutu pozdu.

-Nə deyim ata?

 Məni siz saxlayıb böyütmüsünüz, atalıq, analıq etmisiniz. Mən bir ömür boyu borcluyam sizə. Amma mən çalışacağam ki, öz doğma valideyinlərimi tapım. Hər kəsə “detdom” uşağı olmadığımı sübut edim.

Hansı yaşda oluramsa olum bunu edəcəyəm ata deyərək yenidən otağına qapandı.

Kamran günlərcə məktəbə getmədi, Səmayə ilə Aminin nə qədər təkid etsələr də o, məktəbə getmirdi ki, getmirdi.

Kamranın yoxluğu Laləni də darıxdırırdı. Sinifdə o, yanında kimsənin oturmağını istəmir, uşaqlardan ayrılaraq tək-tənha gəzişirdi. Dəfələrlə Kamrana zəng etməyinə baxmayaraq isə ondan cavab ala bilməmişdi. Bu gün də Lalə fikirli bir halda dərsdən çıxanda, məktəb qapısının önündə Səmayəni gördü.

-Salam Səmayə xala.Niyə burda dayanmısınız, Kamran necədir?

Səmayə Lalənin qolundan tutub bir kənara çəkdi.

-Salam qızım.Səni görmək üçün burdayam.

Mən bilirəm ki, Kamran səni çox istəyir.Bəlkə sənin sözünü yerə salmaz gedək onunla bir az da sən danış.

Uşaq özünə qapanıb, otağından çıxmır, üz-gözü tamamən solub. Mən bilmirəm nə edim qızım bilmirəm deyərək, hönkürtü ilə ağladı.

-Ağlama Səmayə xala.Kamran pis uşaq deyil, sadəcə ona zaman verin. O, çox qürurlu oğlandır.Sadəcə qüruruna yenilə bilmir mən buna əminəm. Mənim telefonlarımı da açmır, məktublarımı cavabsız buraxır.

Səmayə, titrək və yalvarış dolu səslə gedək qızım, xahiş edirəm gedək bir də sən danış deyərək, gözlərinin yaşını sildi.

-Kamran aç qapını mənəm Lalə.

Lalənin adını eşidən kimi, Kamranın ürəyi döyünməyə başladı.Qapını açıb ona sarılaraq ağlamaq gəldi içindən. Amma qüruru bunun da önünə sərhəd çəkdi.O, qapını açaraq dedi.

-Gəl Lalə gəl. Gəl iki “detdom” uşağı baş-başa verib dərdləşək.

Lalə gülümsəyərək otağa daxil olub, dörd bir tərəfə göz gəzdirdi.

-Ooooo nə gözəl otağın var imiş sənin. Elə bil bəy otağıdır.

Kamran, sən nədən narazısan hə? Evin, təhsilin hələ Amin dayı və Səmayə xala kimi valideyinləri demirəm. Onlar çox gözəl insanlardır ki…

-Səndəmi Lalə- deyərək, Kamran Laləni tərs-tərs süzdü.

Hər şeyim var, amma doğma atam-anam yoxdur Lalə. Bu həyatda nifrət etdiyim bir adın sahibiyəm “detdom” adının. Sən bilirsənmi o alçaq Sənan sənə bu adı dedikcə necə əsəbləşirdim? Hələ birinci sinifdən belə onun ağzını-burnunu dağıtmaq, öldürmək istəyirdim. İndi həmin adam, həmin sözü mənə deyəcək. Təsəvvür edirsənmi qatil ola bilərəm mən. Bu sözü üstümə almaram, mən doğma valideyinlərimi axtarıb tapacam.

Lalə Kamranın bu sözünü eşidib, səsini bir az da yüksəltdi.

Yaxşı tutaq ki, axtarıb tapdın.Nə deyəcəksən? Ayyy çox sağ olun məni dünyaya gətitib tərk etdiyiniz üçün, məni böyüdən valideyinlərim nahaq böyüdüb deyəcəksən?

Yoxsa nə?

Kamran bir az susdu və sonra sakit cavab verməyə çalışdı.Heç nə Lalə heç nə. Həyatda hər şeyin bir səbəbi var, mən də, atılmağımın səbəbini öyrənəcəm.

-Lalə, sən ananı tapsaydın nə edərdin?

Bu dəfə Ialə hirslə deyil, gülümsəyərək cavab verdi.

-Sadəcə təşəkkür edərdim.

-Nəəyə görə? Kamran təəccüblə soruşdu.

-Ona görə ki, məni dünyaya gətirib və mən də belə gözəl ata-anaya sahib olmuşam.

-Elə bu?

-Bəli elə bu. Mən ata-anamı yüz doğmalara dəyişmərəm.

Yaxşı sabahda dərsə gəl. Sənsiz orda darıxıram.

Kamran bu sözdən diksinən kimi oldu.

-Darıxırsan?

-Darıxıram deyərək Lalə, gülümsəyib otaqdan çıxdı.

-Qızım nə oldu danışdın?

Səmayə Lalənin qolundan tutaraq soruşdu.

Danışdım Səmayə xala. Ümüd edirəm ki, sabahdan dərsə gələr.

Lalənin gözləri Səmayənin əlindəki köhnə, saralmış dəftərə sataşdı. Səmayə dəftərin, lalənin diqqətini çəkdihini hiss edərək ona uzatdı. Qızım sən çox ağıllı qızsan. Çox istərdim ki, mənim gəlinim olasan.

Al bu dəftəri sən saxla.

Bir vaxtlar Kamrana verərsən.

Lalə təəccüb dolu baxışlarla Səmayəni süzdü və əlindəki dəftəri açıb ilk səhifəsinə baxdı.

İlk səhifədə gələcəkdə doğulacaq uşaqlarının adı yazılmışdı.

-Amin, gələcəkdı səninlə mənim körpələrimiz olanda.İlk uşaqlarımızın adı bunlar olacaq Oğlumuzun adı Kamran, qızımız isə Fəridə.

Öz adlarımızı da qoymaq pis olmazdı. Amma bizim adımızı nəvələrimiz yaşadacaq. Bizim sevgimiz yaşayacaq Amin və bizi də yaşadacaq.

Lalənin gözləri elə dolmuşdu ki, ağlamaqdan özünü zorla tuturdu. O, Səmayənin əlindən öpüb evdən çıxdı.

Aylar, illər ötüşürdü. Artıq Kamran da, Lalə də məktəbi bitirmişdilər.

Həmin il lalə universitetə daxil oldu.Kamran isə sənədlərini Tibb Universitetinə versə də qəbul olmağa balı çatmadı.

Səmayə isə yeni bir arzusuna qovuşmuşdu. Laləni Kamrana nişanlamışdı.

Amma, özünün səhhəti getdikcə ağırlaşırdı. Nə qədər müalicə olunmağına baxmayaraq, ürəyi sözünə baxmır, sevincinə kölgə salırdı.

Kamran isə, illər idi ki, atıldığı uşaq evinə gedir, doğma valideyinlərini tapmağa can atırdı.

O, hiss edirdi ki, Aminlə Səmayəni doğma valideyinləri qədər sevir, lakin inadından da dönmək istəmirdi.

O gün evdə abı-hava çox gözəl idi. Səmayə süfrə hazırlamış, gəlini Laləni də dəvət etmişdi. Lalənin mehriban davranışı, çoxdan soyumuş bir yuvaya istilik gətirmişdi.

Bu istilik isə, buz kimi bir telefon zəngi gələnə qədər davam etdi.

Alo- kamran gilin evidirmi?

-Bəli.

-Mümkünsə dəstəyi Kamrana verin.

-Səmayə titrək səslə Kamranı səslədi.

-Oğlum, səni istəyirlər.Onun onsuz da gücdən düşmüş ürəyi sürətlə döyünməyə başladı. Hardasa təhlükənin yuvasına yaxınlaşdıəını hiss etdi.

Kamran cəld bir şəkildə dəstəyi Səmayənin əlindən aldı.

-Alo Kamrandır?

-Bəli.

-Sizi uşaq evindən narahat edirik. Doğma ananızı tapmışıq .Bu gün bura gəlir. Mümkünsə uşaq evinə yaxınlaşardınız.

Kamran nə deyəcəyini bilmədi.Bir anlığa boğazı qurudu.

-Alo-alo eşidirsinizmi?

Kamran bir anlıq yuxudan ayıldı sanki.

-Bəli eşidirəm. Saat neçə üçün?

-İki saata qədər burada olun.

-Oldu iki saata qədər oradayam.

Dəstəyi yerinə asanda, hamının gözü onun üzərində olduğunu gördü. Sanki, hər kəs anidən buz bağlamış kimi donub qalmışdı.

Gülüşlər boğazdan, sevinclər gözlərdən buz parçası kimi sallanırdı.

Kamranın doğma valideyin istəyi, isti bir yuvanı buza döndərmişdi.

-Kamran, bəlkə fikrindən yayınasan, bəlkə getməyəsən..

Bir çön ata-anana bax, bulud kimi dolmuşlar. Bir onların gözlərindəki qorxuya bax, onlar illərdir ki, səni itirmək qorxusu ilə yaşayırlar, deyərək Lalə onu fikrindən döndərmək istədi.

Kamran isə Lalənin sözünə yenə də etirazını bildirdi.

-Yox Lalə. Mən illərdir ki, bu günü gözləyirəm, adımda olan o lənətə gəlmiş “detdom” ləkəsini silmək istəyirəm. Sən necə yolumu kəsməyə çalışa bilərsən axı? Deyərək, Kamran getməyə hazırlaşdı.

-Mən də səninlə gəlirəm deyərək, Lalə onun əlindən tutub qaynanası Səmayənin üzünə baxdı. Səmayəni rəngi xəzəl kimi solmuşdu. Gözləri bulud kimi dolsa da, leysanın qarşısını almağa çalışırdı.

Kamran Səmayənin qarşısında dizi üstə çökərək, əllərindən tutdu.

-Ana, xahiş edirəm sən də məni başa düş. Bilirəm, məni çox sevmisən, sevərək böyütmüsən. Mən də səni və atamı çox sevirəm. Amma doğma ana və övladlığın necə olduğunu da görmək, yaşamaq istəyirəm.

Səmayə, öz canına qıyardı, oğlunun ümüdlərinə yox. Elə bu səbəbdən idi ki, ona sərbəst seçim haqqı verdi.

-Təki sən xoşbəxt ol oğlum. Sən qərar vermisənsə mən nə edə bilərəm? Mən də səninlə gəlirəm deyərək ayağa qalxmaq istəyəndə, Amin onun çiynindən basdı.

-Yox Səmayə, sən getmə. Sənin ürəyin xəstədir. Onsuz da zəif olan ürəyin bu nankorluğu qaldıra bilməz əzizim deyərək üzünü Kamrandan yan çevirdi.

Kamran ona tərəf yeriyib, ata, desə də Amin əli ilə “dur” işarəsi verdi.

-Sən qərarını vermisən Kamran.

Səmayə isə yenidən ayağa qalxaraq Aminə üzünü tutdu.

-Amin, əzizim bu günə qədər Kamranı gətirmişik. Heç zaman onu tək buraxmamışıq bu gün də buraxmayacam. Mən də gedirəm.

-Mən getmirəm Səmayə.Mən bunları qaldıra bilmərəm.

Sənin də özün bil. Amma ürəyini qoru. Unutma ki, bundan sonra biri-birimizə hələ çox lazım olacayıq.

Səmayə əllərini ərinin dən düşmüş saçlarında gəzdirdi.

Səni heç vaxt tək qoymayacam Amin, heç vaxt deyərək, Kamran və Laləylə bərabər evdən çıxdı.

Kamran uşaq evinin həyətində gəzinir, rahatlıq tapmırdı. Hərdən çönüb nişanlısı Lalənin çiyninə başını söykəyən Səmayə anasına baxır, ürəyinin başı göynəyirdi.

Səmayə gözlərini bir nöqtəyə zilləyib, uzun-uzadı xəyala dalmışdı.

-Kamran oğlum qaçma yenə də tərləyəcəksən.

-Qorxma ana tərləmərəm.

Kamran, həyətdə topun arxasınca qaçır, atasının qoruduğu qapıya “qol” vurmaq istəyir.

-Ooo oğlumuz çempiondur Səmayə bax, atasının qoruduğu qapıya “qol” vurdu deyib, Amin Kamranı qucaqlayır və otların üstündə uzanırlar.

-Ata mən səni çox sevirəm, anamı da.

-Çünki, anan da mən də səni sevirik oğlum deyərək üzündən öpür.

Səmayə bu xoşbəxtliyin kənarında qalmaq istəməyərək onların hər ikisini də qucaqlayır. Şadraq gülüşlərin sədası altında ikən, Səmayənin ayağına dəyən top onu xəyallardan ayırdı.

-Bağışla xala, top sizə bilmədən dəydi deyərək, balaca bir oğlan uşağı onun yanəna gəldi. Səmayə, uşağın saçlarını oxşayaraq üzündən öpdü və ayağının altındakı topu götürüb ona uzatdı.

Qapıda sarı saçlı, uca topuqlu bir qadın göründü. O, uşaq evinin həyətinə daxil olaraq, Kamranın yanından keçib, müdiriyyətin otağına tərəf getdi. Aradan bir neçə dəqiqə keçəndən sonra isə, Kamran və ailəsini də otağa dəvət etdilər. Kamran içəri daxil olanda, yanından etinasız keçən həmin qadını gördü. Amma, qadın ağlıyırdı.

Kamran bir qadına bir də, uşaq evinin müdürü Cəmilə xanımın üzünə baxdı. Cəmilə xanım, həmin qadını Kamrana göstərərək dedi.

-Kamran, sən öz doğma ananı axtarırdın. Budur sənin anan, Təranə xanım. Kamran, bir qadına, bir də çönüb Səmayəyə baxdı. Qadın ayağa qalxıb Kamranı qucaqlamaq istəyəndə, Kamran əli ilə “dur” işarəsi verdi.

-İlk öncə mənə de görüm, məni niyə dünyaya gətirib sonra buraya tərk etmisən?

Qadın timsah göz yaşlarını tökür, dil-dil ötməyə çalışırdı.

Oğlum, hələ sənə hamilə ikən atan bizi tərk etdi. Mən isə gecəli-gündüzlü işləmək məcbutiyyətində idim.

Sən doğulandan sonra isə bu mümkün olmayacaqdı. İşdən də atılmışdım.Vəziyyətim çox ağır idi.Səni yaşatmaq üçün buraya tərk etdim.Sonralar bura tez-tez gəlsəm də səni görmədim.Bildim ki, kimsə səni övladlığa götürüb. Mən isə sənin qurulu düzənini yıxmaq istəmədim. Amma, illərdir ki, ürəyimin başında yara kimi sızlayırsan oğlum deyərək, onun ayaqlarına düşdü və ağlamağa başladı.

Kamran, qadının göz yaşlarını silərək onu qucaqladı. Qadın isə ürəyi narahat olmuş kimi özünü aparır, Kamranın suallarından yayınmaq istəyirdi. Oğlum, mənimlə gedək evimizə mən hər şeyi sənə danışacağam hər şeyi.

Səmayə isə susqun -susqun bu səhnəni seyr edir, göz yaşlarını tuta bilmirdi.

Sonunda Kamran qərar verməli idi, kiminlə gedəcək.

Kamran Lalənin yanına yaxınlaşaraq qulağına pıçıldadı. Lalə, səncə bunların hansıdır mənim anam?

Lalə pıçıltıya -pıçıltı ilə cavab vermədi. Ayağa qalxaraq ucadan dedi.

 Kamran, sən məndən soruşirsan ki, sənin anan bunların hansıdır.Qoy mən deyim sən də eşit.

-Sənin anan, gecələri sübhədək oyaq qalıb, sənə lay-lay çalandır, rahat başını yastığa qoyub yatan yox.

Sənin anan, xəstəliuində sənə şəfa verib, ağlayanda göz yaşını siləndi.

Səndən və sənin acılarından xəbərsiz olan yox.

Sənin anan, sən düşəndə qolunda tutub ayağa qaldırandı, arxası üstə bu qapının önünə atan yox.

Sənin anan, səni bu yaşa gətirəndi.

Bu yaşında sənə sahiblənmək istəyən yox.

-Kamran, sənin anan bir küncə qısılıb səssiz-səssiz, için-için göz yaşı tökəndir.

-Timsah göz yaşlarını ələyib, dil-dil ötən yox. Bundan sonrası isə sənə bağlıdır.Mən sözümü dedim, deyərək yerinə oturdu.

Sarı saçlı qadın isə ağlayır, Kamran mənimlə gedək, evdə bacı qardaşın səni gözləyir. İstəməzsənsə qayıdarsan deyirdi.

Kamran, Səmayənin boynunu qucaqlayaraq dedi.Ana, incimə məndən mən bir müddətliyinə doğma anamla gedirəm, bacı -qardaşlarımla da tanış olum. Amma unutma ki, sən də mənim anamsan deyərək alnından öpdü. Səmayə, ürəyinin çökdüyünü hiss etsə də ayaqda durmağa çalışırdı. O, susur, oğluna heç nə demirdi. Onsuz da Kamran qərarlı idi. Onu fikrindən yayındırmaq isə qeyri mümkündür.  Kamran Təranə xanımla qapıdan çıxmaq istəyəndə, Lalə onu səslədi.

-Kamran…

Kamran çönüb geri baxanda Lalə barmağından nişan üzüyünü çıxarıb ona tərəf gəldi və Kamranın əlini açıb üzüyü onun ovcuna sıxdı . Sonra əllərini bükərək isə dedi. Gedirsənsə üzüyünü də özünlə götür. Mən Səmayə xalanın gəlini olaram amma sənin nişanlın yox. Kamran Lalənin qolundan tutmaq istəyəndə, Lalə qolunu hirslə çəkərək onun əlindən qopardı.

-Nə zaman dönsən o üzüyü barmağıma taxarsan, dönməsən isə özgəsinin barmağına taxarsan deyib Səmayənin qolundan tutdu. Dur Səmayə ana dur gedək. Bundan sonra mən sənə həm gəlin həm də qız olacağam. Kamran heç bir söz demədən günahkarcasına Təranə xanımla getdi.

Səmayə ayaqda dura bilmirdi. O, lalənin əlindən yapışaraq, uşaq evinin həyətindən çıxar-çıxmaz yıxıldı. Onun onsuz da zəif olan ürəyi addımlarına mane olmuşdu.Səmayə huşsuz halda uzanmış, Lalə isə Səmayə xala deyib ağlayır, onu oyatmağa çalışırdı.

-Alo Amin dayı tez gəl Səmayə ana huşunu itirdi. Təcili yardım çağırmışam xıstəxanaya götürürük.

-Amin bu sözü eşidən tək dəstəyi yerinə qoyub, maşının açarını götürüb qaraja tərəf qaçdı.

-Ah Səmayəm ah. Mən sənə dedim ki, getmə ürəyin bunları qaldıra bilməz deyərək əlləri əsə-əsə maşını işə saldı. Xəstəxana evdən çox uzaq idi, yollar isə tıxac. Aminin əlində olsaydı bütün maşınları saxlayıb ona yol vermələri üçün yalvarardı.

O, tələsir, maşınların arasında yüksək sürətlə keçirdi və öz özünə deyirdi. Döz Səmayəm döz. Gəlirəm mən, səni ölməyə əsla qoymaram deyərək ağlayır, göz yaşları kipriklərində dayanıb, yolu görməyini əngəlləyirdi.

Bəlkə də buna görə idi ki, qarşıdan gələn yük maşınını görmədi. Gözlərini isə, Səmayəm deyərək, Səmayəsinə qovuşmadan oradaca əbədi yumdu.

Kamran, uşaq evinin qapısından çıxandan sonra, ürəyində peşimançılıq hissi keçirirdi. Bir ayağı irəli gedirdisə, o biri ayağı onu geri çəkirdi. Səmayənin göz yaşları, Lalənin kinli, Aminin isə küskün baxışları gözləri önündən getmirdi. Hərdən ovcunu açaraq, lalənin əlinə sıxdığı nişan üzüyünə baxır, nə edəcəyini bilmirdi. O, hər addım başı geriyə baxıraq gözləyirdi ki, ya nişanlısı ya da anası arxasınca gəlib onu qaytarmaq istəyəcəklər. Ürəyində isə özünü danlayırdı.

-Sən nə etdin Kamran? Səni böyüdən ata-ananı, illərdir canından artıq sevdiyini geridə qoyub, heç zaman üzünü görmədiyin doğma ananla gedirsən.

Təranə xanım isə, Kamranın düşüncəli baxışlarını böyük ustalıqla oxuyurdu. O, oğlunun qolundan tutub dedi.

-Oğlum peşimansanmı?

Sən bir evimizə gedək, bacı-qardaşını gör. O zaman biləcəksən ki, doğru yolu seçmisən. Sənin bacı-qardaşın ola-ola nəyə görə tək qalmalısan ki?

Sonra isə özünü yağ kimi üzə çıxarmaq üçün, ürək yandıran sözlər söyləyib, Kamranın ürəyində özünə qarşı rəhm oyatmağa çalışırdı.

Təranə xanım rayonda yaşayırdı. O, Kamil adlı biri ilə evlənmiş, ondan iki uşaq dünyaya gətirmişdi. Kamil, çox rəhmli, dindar və alçaqkönüllü bir insan idi.

O, Təranənin bu addımına dəfələrlə maneə olmaq istəsə də sözünü keçirə bilməmişdi. Çünki o, əsil valideyinliyin nə və necə olduğunu gözəl bilirdi.

Yolboyu Kamran, susqun-susqun maşının pəncərəsindən çölə baxır Təranə xanımın sözlərini qətiyyən eşitmirdi. Təranə isə danışır, özünü duruya çıxartmağa çalışırdı. Mən səni illərlə axtardım oğlum, biləsən necə peşiman idim.

Atan hələ sən doğulmamışdan bizi tərk elədi. Mən çox əziyyətlər çəkdim. Mən işləyirdim sən isə tək-tənha ağlayırdın. Mən səni uşaq evinə qoydumsa, yalnız yaşatmaq üçün qoydum.



Metanet Duygulu
www.kafiye.net