YAZIĞIN GƏLMƏSƏ DƏ






Yadımdadı,hər şey yadımdadı –

Gözlərimin gözlərinə yalvarışı da,

Gözlərinin gözlərmə şimal baxışı da…

Başımı,gözümü,üzümü,gecəmi- gündüzümü

                          döyəcləyən qəzəb yağışı da…




Yadımdadı göylərin o günə qarğışı da…

Ulduzların gözlərimdə sayrınışı,

Vaxtın,zamanın,anın dayanışı da,

Bəxtin,talenin,qismətin mənimlə

                           qovdu-qaç yarışı,

Basılıb,özümdən asılıb,

                          özümün-özümə qəbir olub,

                          özümün-özümdə quylanışı da ;




Dünyanın ilan olub qıvrıla-qıvrıla,burula-burula,

Yorula-yorula üstümdə yatması da ;

Dizlərimin qatlanması,dodaqlarımın çatlaması ;

Gülüşlərindən qulaqlarımın partlaması ;

Ciyərlərimin alışması,ürəyimin yanması da ;

Ayaqlarının cansız,hissiz,duyğusuz,

Səssiz-nəfəssiz cismimin üstündən

                         adlaması da yadımdadı!





Arxanca baxa-baxa qaldım…

Gözlərimin birini sol,birini sağ ovcuma saldım.

Almadığın,qoxlamadığın,yaxana sancmadığın,

Saçlarına taxmadığın,gününə ağlamadığın

                        güllərdən tez saraldım.

Güllər mənə ağladı,mən güllərə ağladım.



Dağlar-daşlar mənə ağladı…

Çöllər-çəmənlər,heyvanlar-quşlar mənə ağladı…

Çaylar,göllər,dənizlər mənə ağladı…

Yollar,izlər,gecələr-gündüzlər mənə ağladı.

Ağladı!



Elə ağladı ki onları ovutmağa,

                     onları dilə tutmağa,onları uyutmağa

                               gücüm çatmadı.

Onlar məni atmadı,onlar məni unutmadı.

Amma yazıq,yazıq onlara!



Min il sonra da ağlayacaqlar…

Min il sonra da uyumayacaqlar…

Doymayacaqlar…

Soyumayacaqlar…

Ağlayacaqlar…

Elə ağlayacaqlar,elə ağlayacaqlar ki,

Zamamın gedişini,dünyanın gərdişini,

Acını,şirini,istini-soyuğu da duymayacaqlar.



Gəlsənə,gülüm,gəlsənə!

Gəlsənə,qurtaraq onları həsrətdən,

Qurtaraq onları intizardan,göz yaşlarından!

Gəlsənə!

Gəlsənə,qurtaraq onları başlarına yağan

                       daş yağışlarından,

                       göylərə yalvarışlarından…




Nə deyim?

Nə edim ki,məndən çox

                     onların halına yanasan?

İnadını atasan…

Qayıdasan…

Hardasan?..Hardasan?..Hardasan?

Gülüm,hardasan?..





Məzahir İsgəndər

16.05.2021
www.kafiye.net