Əziz dostlar!

26 yanvar 2019 -cu il tarixdə 19 beytdən ibarət olan “Qəbiristanlıq” şeirimi paylaşdım sizlərlə.75 oxuyan oldu.Qane oldum.Bu gün çoxdan paylaşmaq istədiyim 250 bənddən ibarət olan “Məzarlıq” poemamı hissə-hissə sizlərə çatdırmaq fikrinə düşdüm,əgər oxumaq istərsəniz sevinərəm.



POEMA



M Ə Z A R L I Q




Ölüm gəlib,qapıdadı,

Bu qapını açan hanı?

Durub açdın,ya açmadın,

Bu qapıdan qaçan hanı?

Müəllif.



Lal məzarlıq…Vahiməli lal sükut…

Bir qorxu var torpağında,daşında.

Kim bilər ki,ömrü hardan başlayıb,

Kim bilər ki,indi hansı yaşında?


Bir qorxu var torpağında,daşında,

Dalıb,fikirlidi hər baş daşı da.

Kim bilər,kim bilər,nələr yazılıb

Hər qəbrin daşlaşan daş yaddaşında?


Kim bilər,kim bilər,nələr yaşayıb,

Nələr də görübdü burda yatanlar?

Bilməzsən,hansıdı sonsuz pərişan,

Ya hansıdı muradına çatanlar?


Qəbirlər oxşayar biri-birinə,

Bilinməz doğması,nə də yadları.

Min dönüb baxsan da tanıyammasan,

Başdaşına yazılmasa adları.


Min dönüb baxsan da tanıyammasan,

Bilinməz kim yaxşı,ya da kimdi pis?

Amma ki oxunub,addan bilinər,

Kim olub işıxlı,kim olub xəbis.


Qəbirlər fikirli,səssiz-səmirsiz,

Hər biri min illik səbri daşıyar.

Əlləri yanlarda,gözləri yolda–

Ömrünü,gününü belə yaşıyar.


Qəbirlər min illik səbri daşıyar,

Nə sormaz,soruşmaz,nə də ki dinməz.

Yüz illər,min illər qalıb beləcə,

Öz sirrini bir kimsəyə bildirməz.


Nə sorub-soruşub,nə də ki dinib,

Baxar gəlib-gedənlərə gözaltı.

Oxuyar kiminin közündən ümid,

Kiminin gözündən qorxu,sozaltı.


Baxar gəlib-gedənlərə gözaltı,

Oxumaq istəyər ürəyindəkin.

Bax,bunun qəlbində sonsuz mərhəmət…

Bunun da içini yeyib-tökər kin…


Bax,bunun kədəri başlndan aşıb,

Bax,bu da sevincdən olub sanki quş.

Bax,bunun pulunun sayı qədərsiz,

Bunun da cibində yoxdu bir quruş…


Bax,bu filankəsdi…bu da filankəs…

Bu ona ağadı,o buna nökər.

Bu ona yol salıb düz sinəsindən,

O bunun yolunda tikanlar əkər…


Bax,bunun qabardı əli,ayağı,

Bax,bu da həmişə hazıra-şahdı.

Bu əkib-becərər,o dərib,yeyər,

Bilməz ki savabdı,ya ki günahdı?


Bax,bunun əməli gültək ətirli…

Bunun da ürəyi kif,pas atıbdı…

Bu onun yasında döyüb başına,

O bunun toyuna lap yas qatıbdı…


Bax,bu filankəsdi…bu da filankəs…

Bu asar…bu kəsər…bu da kəsilər.

Bu olana yer də,göy də dar gələr,

Bu olana bir nəfəs də bəs eylər…


Bax,hələ danmayıb bu,insanlığı,

Əzib,tapdalamaz qarıncanı da.

Bax,bu da olubdu cəlladdan bətər,

Uf demədən,alar yüz min canı da…


Bax,bu da deyəsən,odu…hə,odu!

Kəsmişdi bir haqq deyənin dilini.

İçində,çölündə qalayıb da od,

Çəkmişdi gözünə hicran milini…


Bax,bu gəlib Allahın da xoşuna,

Əzizləyib,sevib ata-anasın.

Yatıb-yuxlayanda qoyub üstünə

Hər gün təzə bir qızılgül butasın…


Bax,bu da filankəs…Elə indidən

Cəhənnəmə edibdi yır-yığışın.

Keçirib boynuna bir it xaltasın,

Qazanıbdı ata-ana qarğışın…


Bax,bu edib bir yetimi təsəlli,

Bu,göz dikib onun miras malına…

Bu yanıb-ağlayıb,töküb gözyaşı,

Bu da baxıb,gülüb onun halına…


Bax,bu edib Allahına ibadət,

Bu da danıb,Allahına edib şəkk…

Bu düşüb böhtana,şərə,boğulub…

Bu da ki böhtana deyib nə qəşəng!..


Bax,bu filankəsdi…bu da filankəs…

O da,bu da bir yaranmış,bəşərdi.

Bu,başdan-ayağa əməli-xeyir,

Bu,başdan-ayağa əməli-şərdi!..


Bax,bu odu…bu da odu ki dünən

Atmışdılar bu Vətənə qarmağın.

Tapdayıb şərəfi,qeyrəti,şanı,

Satmlşdılar Ana Yurdun torpağın.


Bax bu odu ..bu da odu ki dünən

Vətən!-deyə qalxmışdılar ayağa.

Bir can nədi,min can olsa,verərdik,

Deyib,dönmüşdülər dönməz dayağa…


Bax,bu odu…bu da odu…qarışıb,

Bənzəməzlər heç vaxt biri-birinə.

Nə cənnətə,cəhənnəmə edib yol,

Getməzlər heç bir-birinin yerinə…


Bax bu odu…ki dar gün,dar ayaqda

Bir dostuna eyləmişdi əyanət.

Bu da odu…ki unudub haqqını,

Eyləmişdi o dostuna xəyanət…


Bax,bu odu…ki yaşayıb ar üçün…

Bu da odu…itə atıb namusu.

Bu da odu…ki qəlbinə xal düşüb,

Bilmir,necə təmizləsin,pas yusun…


Bu da odu,olub haqqa narazı,

Bu da odu ki şeytana olub yol…

Bu da odu ki çıxıbdı yolundan,.

Yar deyib,nahaqqa dolayıbdı qol…


Bu da odu…sanıb ömrün daimi,

Sanki də əbədi yaşayacaqdır.

Üzündəki,gözündəki sevinci

Qalıb,dünya boyda daşıyacaqdır…


(Davamı var)


Məzahir İsgəndər


P.S.Oxuyanlara təşəkkür edir və heç nə itirməyəcəklərinə də inanıram.

www.kafiye.net