Əfəndim,hələ də zindandasan.Hələ də haqq-ədalətə,düz sözə,şeirə-sənətə edilən min cürə oyunları,qətliamları,ölümləri süzə-süzə sənə veriləcək hökmü gözləyir,hər qapı tıqqıltısından səksənir,hər səsdən diksinirsən…

Bütün bunları da görüb içində danışırsan.Səni duyur və anlayıram…

P.S. Xahiş edirəm,oxumayanlar layk etməsinlər.Bu hərəkəti Cavid əfəndinin ruhuna həqarət sayıram.

———————————

POEMA ( “Ağlayan məzar” )

—————-

YEDDİNCİ ƏRZİ-HAL

(Yaxud şairin böhtançılara məktubu)



Ey böyük Tanrı,ey böyük Yaradan,

Hər qulun halı,fikri səncə əyan.

Məni Səndən gözəl biləm,tanıyan

Varmı, xaliqi-zəmini zaman!?

H.CAVİD


———

Salam,böhtançı qardaş!

Yoldaş!..Sirdaş!..Vətəndaş!

İçində küdurət,əldə sivri daş

bu nə həmlə,nə hücum,

bu nə qavğa,nə savaş?


Yavaş!..Yavaş!..Yavaş!

Bu nə nifrət,bu nə kin?

Bu hökm edən axı,kim?

Bu nə inad,nə açıq?

Səbrini bas azacıq!

Qəzəbindən od geyib, “anam mənə kor deyib,

gəl-gedəni vur deyib”,

aşıb-daşıb kükrəmə.


Qərarında tələsmə!

Olub qara yel,əsmə!

Yetməz məni çəkməyə nə daşın,nə tərəzin,

Nə cin,şeytan,nə loğman bilməz nədi mərəzin.

Bu nə məzhəb,təriqət?..Bu nə iman,bu nə din?

Anladınmı barı sən,ünvanıma nə dedin?

Yox!..Yox!..Yox!..Deyil qardaş,gözüm ac.

Bir düşünüb,bir qanıb,gözlərini barı aç…

Deyil mənim istəyim nə cah-cəlal,nə şöhrət,

Təzə libas,nə alqış,nə də dünya sərvəti.

İstəmirəm mən qəti!

Günəş sənin olsun,ay sənin olsun…

Bahar sənin olsun,yay sənin olsun…

Qoyunlar-quzular,bol-bol tükənməz ruzular,

Ulduzlar…süd dolu hovuzlar,

qullar,kölələr,kənizlər,qızlar sənin olsun.

İpəklər,tüllər,atlazlar…

Lələkləri ləl-almaz,

yumurtası qızıldan ördəklər,

qazlar sənin olsun.


Amma bir dur,dayan de mənlə olan bəhsinə,

Düşmə Allah eşqinə şairlik həvəsinə!

Şairlik divanəlik!

Şairlik qarlar üstə qan rəngli bir laləlik!..

Şairlik ağlaya-ağlaya gülüb,

Gülə-gülə hönkürüb,

Səssiz-küysüz,nəfəssiz,bəlirtisiz ağlamaq…

Qışda,qarda,boranda əynə oddan don geyib ;

Yayda əsib-titrəyib,donub da buz bağlamaq!..

Şairlik min əzabla,dərdlə,qəmlə,kədərlə ;

Həsrət,özləm,intizar,ahla-zarla tanışmaq!

Çecələri al günəş,gündüzləri ay-ulduz ;

Xəyallarda,yuxuda doğulmamış-doğmamış ;

Hələ eşqi,sevgini,məhəbbəti saxlamış

pərimisal bir qızla içindəki azarla ;

başdaşına öz adı yazılmış bir məzarla

damışmaq…


Şairlik köz üstünə gündə yüz yol qoyulmaq…

Şairlik haqq söyləyib,diri-diri soyulmaq!..

Şairlik bir möcüzə,şair haqqın səsidi.

Bir dünyayla savaşda etiqadı,inamı,

Əhdi,andı,ilqarı,tək qələmi bəsidi!

Şairlik bir gülüstan,nə saralmaz,nə solmaz…

Dəli-dolu bir sevda,qətiyyəy,eşq-məhəbbət,

Hörmət-izzət,etibar ürəyinə dolmasa,

şair,şair olammaz.

Şair həm od,həm atəş,həmi də bir Səməndər!

Şair-dəniz,fırtına,yelkən,qayıq,ümid,yol,–

“Ayineyi İsgəndər”.


Şair sözü yanılmaz,topuq vurmaz dili də,

Çaşsa,qənim kəsilər ona ayı,ili də…

Tanıyar bir baxışdan şoru-loru,əyrini,

namərdi də,mərdi də.

Edə bilməz yolundan əzəmətli,vüqarlı,

möhtəşəm Çin səddi də.

Şairlik budu,qardaş!

İstər yağdır başına bu dünyada nə var daş,

Yalvarmaz-yaxarmaz,nə can diləməz.

Kimsə baxıb gözünə zalım,qansız,amansız,

Bir zamansız ölümün,şair kimi güləmməz…

Nə qəzəblən,nə də coş,nə mən səmtə

atma daş,



Şairlik budu,qardaş!

Hər şey,hər şey,hər şey sənin olsun.

Sünbül dolu zəmilər,qızıl dolu gəmilər,

Dərdsiz-qəmsiz fərəhli günlər,

bitməz-tükənməz dəmlər,

dostlar,həmdəmlər sənin olsun…

Adamına adam,varına var çatmaz,

qalasını top dağıtmaz bibilər,

xalalar,dayılar,əmilər sənin olsun!..

Amma bir dur,dayan de mənlə olan bəhsinə,

Düşmə Allah eşqinə şairlik həvəsinə!

Şairlik: qarlar üstə qan rəngli bir laləlik,

Şairlik : divanəlik!


= 0 =



Deyər mərdi-mərdanə

Şair olan sözünü.

Dönər olar Səməndər,

Atar oda özünü.


Şair olan laməkan,

Həmi ərşdi,həm ərzdi.

Şair olan ölümü

Bilməz nə qədd-qərəzdi.


Şair olan gülüstan,

Həm güldü,həm gülə şeh.

Kim yansa,kim alışsa,

Bir an olar sərin meh.


Şair olan qana yox,

Meyl eyləyər barışa.

Çıxar eşqi-sevgidə

Bir dünyayla yarışa.


Şair olan bir işıq,

Qığılcımdı,şölədi.

Həm günəşin,həm ayın,

Başında bir şölədi.


Şair olan bir körpə

Nəfəsidi,səsidi…

Son nəfəsdə xəstənim

Yaşamaq həvəsidi…


Şair olan bir bulaq…

Nə qurumaz,nə durmaz.

Yüz il,min il sonra da

İçən içər,yorulmaz.


Şair olan bir yol ki,

Keçər ondan zamanlar.

Şairdəki bu sirri

Kim xoşbəxtdi,o anlar!


Şair olan nə bilməz

Kin-küdurət,xəyanət.

Göstər görüm kimdə var

Dilindəki bəlağət?


Şair olan biləmməz

Gecə,gündüz,nə səhər.

Gülər gözünün biri,

Biri çəkər qəm-qəhər.


Şair olan dilini

Bilər otun,çiçəyin.

Nə də gəlməz tuxusu

Bir gül töksə ləçəyin.


Şair olan verər can

Dağ-daşa da canından.

Alar lalə rəngini

Şairlərin qanından.


Şair olan nə gövrək!?

Toxunmayın,dəyməyin!

Durun Tanrı eşqinə,

Sındırmayın,əyməyin!


Qurd ağzında dünyanın

Şair : çırpınan əlik.

Pərvanədən dərs alan

Şairlik divanəlik!


= 0 =


Bir gözü fərəhdən alışıb yanar,

Bir gözü uşaqtək ağlar şairin.

Qurdalayıb,yarasını eşməyin,

Yarasın mələklər bağlar şairin!


Şeirdi-sənətdi şirin pöyası,

Var kədəri,var sevinci,var yası,

Misra-misra qurulubdu dünyası,

Sanmayın dünyası laxlar şairin!


Yağsa da başına leysam,qar,dolu,

Tapdalamaz,əzib keçməz bir kolu,

Bağlansa yolları,olar düz yolu

Dərələr-təpələr,dağlar şairin!


Bürmələməz,bir tikəsin tək yeməz,

“Bir mənəm,bir kor xəlifə” -söyləməz,

Ağı qara,qaranı ağ eyləməz,

Sözünü Allah da haxlar şairin!


Olsa da sağalmaz dərddə,yarada,

Çağır dara düşsən,olar orada,

Ölsə şair kimi,min il sonra da

Yasını el-oba saxlar şairin!



Məzahir İsgəndər
www.kafiye.net