Xilaskar Atatürk

Sən doğdun günəş tək qaranlıqlara,-
Günəşi qaranlıq doğurur deyə.
Ümidlər çökəndə bataqlıqlara, 
Şanlı xilaskartək ucaldın göyə.


Sərkərdə olmadın,təkcə hərb üçün,
Ağıla,zəkaya sərkərdə oldun.
Sən təkcə qalmadın düşüncələrdə,
Tarixdə həmişə Atatək qaldın.


Güclər yetməyəndə nizam qurmağa,
Sən ,,Türkəm” deyəni yığdın başına.
Təzə ruh gətirdin,hava gətirdin,
Turan torpağının hər qarışına.


Yüz nəğmə söyləsəm,yüz tərif desəm,
Azdır,xilaskartək yaşayanlara.
Cəsarətlə,ağlın təntənəsitək,
Xalqın dərd-qəmini daşıyanlara.


Böyük Türk dünyası Atatürk deyib,
Hər zaman hay verdi sənin səsinə.
Sarsılmaz,yenilməz cəsarətinlə,
Yazıldın tarixin səlnaməsinə.


İşığa qərq etdin Türkün yolunu,
Döndün Ulu Türkün öz qibləsinə.
Türkün dar günündə Atatürk oldun!
Ucaldın,yüksəldin haqq zirvəsinə!


Müəllif:- Yeganə Bağırova 

www.kafiye.net