DOĞMA   ÖVLAD

          Hekayə

O gün günlərdən ən gözəli idi. Səmayə illərdir ki, sevib əhdi- peyman etdiyi sevgilisi, Aminlə qovuşurdu.

Aminlə Səmayə biri-birlərini hələ uşaq ikən sevmişdilər. Onlar eyni məhlədə böyüyüb, eyni məktəbdə oxuyub,  gənclik illərinin ağuşuna birlikdə atılmışdılar. Yeddinci sinifdə oxuyarkən əhd edib, peyman bağlayan bu iki aşiq, məktəbi bitirdikdən sonra,  sənədlərini ali məktəbə vermiş və müvəffəqiyyətlə də bitirmişdilər. Səmayə ədəbiyyat müəllimi, Amin isə mühəndis olacaqdı. Universitet illərində evlənmək istəsələr də valideyinləri buna razı olmamışdı. Axı qarşıda Aminin hərbi xidməti var idi.

Bəli, Amin hərbi xidmətini də başa vurdu.Bu illər ərzində Aminlə Səmayənin məhəbbəti daha da gücləndi. Bu illər ərzində hətta bu sevgidən xoş arzular da doğuldu. Gələcəkdə sevgilərinin bar-bəhrəsi olan övladları və onların adları bu arzuların ilk səhifəsinə yazıldı.

Artıq bu sevginin ilk mərhələsi olan toy günü başlamışdı.Həmin gün Səmayə elə həyəcanlı idi ki, əli ayağına dolaşırdı.

Nəhayət ki, illərdir arzusunda olduğu ağ gəlinliyi geyib, sevdiyi oğlanın evinə gəlin köçürdü. Gəlinlik Səmayəyə elə yaraşırdı ki, sanki ağ göyərçini xatırladırdı.Hələ ki, sevincdən allanmış yanaqları bu gəlinliyə başqa bir gözəllik verirdi.

Həyətdə vağzalı səsi duyuldu. Səmayənın ürəyi elə çırpınırdı ki, elə bil nağaraya vurulan hər zərbə onun ürəyindən keçirdi.

Bir az keçmiş Səmayənin atası xeyir-dua verməyə gəldi. Atanın gözü dolsa da, Səmayə ağlaya bilmədi.Axı o, bu sevincinə necə göz yaşı qata bilərdi? Atasının son sözü onu özündən ixtiyarsız kövrəltdi.

– Oğullu-qızlı olun bala. Səmayə bu sözlərə ürəyinin dərinliklərində Amin dedi.

Artıq vağzalı sədaları altında Səmayə ər evinə çatmışdı.

Adəti üzrə ilk olaraq onun qucağına körpə oğlan uşağı verdilər.Səmayə onu elə bağrına basdı ki, sanki arzularından doğulmuş həmin uşaq onun köksünə sığınmışdı.Uşaq isə nə ağlayır nə də anasını istəyirdi.Altdan yuxarı çevrilərək gəlinin gözəlliyini seyr edirdi. Həmin an Səmayə Aminə tərəf əyilib pıçıldadı.Bax bizim də oğlumuz belə gözəl olacaq. Amin dodaqaltı gülümsəyərək Səmayənin qulağına, yox, bizim oğlumuz ondan gözəl olacaq. Çünki, gözəlliyini səndən alacaq dedi.

Bəli elə bu arzularla da toy gününü sabah etdilər.

Həmin sabahlar isə aylara dönürdü amma Səmayənin hamilə qalmağı gecikirdi ki, gecikirdi. Müqəddəs bir sevginin ağ səhifələrinə yazılmış müqəddəs arzular nədənsə yubanırdı. Bu hal Səmayəni çox narahat etməyə başlamışdı. O, bir gün Aminə dedi.Əzizim, evliliyimizdən artıq altı ay ötüb amma, hələ də övlad həsrəti ilə yaşayırıq, gəl bir həkim müayinəsindən keçək.Amin isə gülərək onun saçlarına sığal çəkdi.Canım mənim, sevdiyim gözəl Səmayəm. Hələ tezdir niyə belə tərəddüdlüsən? Sən mənimçün, həm həyat yoldaşı, həm övlad həm də dost və sirdaşsan. Məgər bizim sevgimiz uşağamı bağlıdır? Mən səni çox sevirəm. Əvvəllər elə bilirdim ki, evliliyimizdən keçən hər gün, sevgi dəryamızdan bir damla əksildəcək. Lakin, indi gördüm ki, bizim sevgimiz azalmağa meyilli deyildir, əksinə hər keçən gün onun dərinliyini artırır. Yəqin ki, bizim körpəmiz də məni sevdiyi üçün gecikir. Səmayə bu sözə diksinən kimi oldu.

-Aaa sən nə danışırsan Amin? Niyə səni sevdiyi üçün geciksin ki? Amin dəcəl uşaqlar kimi ona sarıldı və dedi.Çünki, o gələrsə sənin mənə olan sevgin ikiyə bölünər. Mənə olan sevgin bir az azalar.

Səmayə gülümsəyərək ərinin boynuna sarıldı.Yox Amin dünyada heç bir qüvvə mənim sənə olan sevgimi bölə bilməz.Övladımız doğulanda onun sevgisi də doğulacaq. Mən sənin sevgini onunla bölməyəcəyəm.Səni hər zaman bax belə dəlicəsinə sevəcəyəm.

Amma hər zaman böyük sevgilərin bir bədəli olur deyirlər. Nədənsə belə sevgilər ən böyük həyat imtahanı verməyə məruz qalırlar.

Aminlə Səmayə də elə bu imtahanın ilk mərhələsinə yetişmişdilər.

Aradan bir il keçdi.Yenə də Səmayənin arzuları elə ağ vərəqdəcə saralmağa başladı. Bu dəfə isə böyük təkidlə xəstəxanaya getmək istəyini Aminə bildirdi. Amin isə daha Səmayəyə yox deyə bilmədi.Çünki o, öz övlad istəyini Səmayəyə bildirməsə də ürəyini didib tökürdü.

Səhərisi gün hər ikisi də müayinəyə getdi.Həkim onların hər ikisini müayinə etdikdən sonra qərarını bildirəcəkdi. Bunun üçün isə iki gün vaxt lazım idi.Həmin iki gün isə Səmayəyə iki il kimi göründü. Gözlərini saatdan ayırmır, vaxtın gəlib keçəcəyini səbirsizliklə gözləyirdi.

Həmin gecə Səmayənin gözlərinə yuxu getmədi. O, səhərin açılmağını Aminin mışıl-mışıl yatışı ilə izlədi.

Səhər tezdən oyanıb yemək hazırlayıb erkəndən də Amini yuxudan oyatdı. Amin oyan.

Bu gün xəstəxanaya getməliyik.Gedək analizlərin nəticəsini öyrənək nə müalicə lazımsa edək.Yetər ki, övladımız olsun. Amin yarıyuxulu gözlərini açıb saata baxdı.Əzizim hələ saat yeddi olmayıb.İndidən hara gedək? Həkim bizə saat doqquz deyib axı…

Səmayə Aminin üstündən yorğanı çəkərək təkidlə ayağa qaldırdı.Olsun biz yemək yeyib hazırlaşınca vaxt gəlib keçəcək. Qaıx əl-üzünü yu süfrə hazırdır.Amin ağır-ağır yerindən qalxdı.O, həyat yoldaşının övlad tutqusuyla yanıb töküldüyünü gözəl bilirdi.Məhz buna görə də onun qəlbi sınmasın deyə bir dediyini iki etmirdi.

Yemək yeyərkən belə Səmayənin gözləri saatdan ayrılmırdı.Dəqiqələr də sanki, onunla icəşir, ağır-ağır addımlayırdı.

Nəhayət ki, vaxt gəlib çatdı.

Səmayənin ürəyi elə döyünürdü ki, səsini Amin belə duyurdu.O, Səmayənin əlindən tutaraq, əzizim bax özünü ələ al.Nə olur olsun, istər övladımız olsun istərsə də olmasın mən səni çox sevəcəyəm və bu əli əsla buraxmayacayam. Səmayə əli ilə   Aminin ağzını qapadı.Sus əzizim bu necə söz? Bizim övladımız olacaq, mütləq olacaq.

Elə bu an tibb bacısı koridorda göründü. Əliyeva Səmayə və Əliyev Amin.

Səmayə cəld ayağa qalxaraq ucadan biz deyib həkimin otağına daxil oldu. Həkim böyük təvazökarlıqla onları qarşılayıb, oturmağa yer göstərdi və analizlərin nəticələrini gözdən keçirdi.

Həkimin gec cavab verməyi Səmayəni daha da narahat etməyə başlamışdı.O, dözməyib həkimə- ay həkim bir danışsana nədir bizim problemimiz? Həkim ağır-ağır başını qaldırıb bir Aminə bir də Səmayəyə baxdı. O, ilk olaraq üzünü Aminə tutdu.Amin, sən sağlamsan hər an övladın ola bilər.

Səmayə xanım sizə gəldikdə isə çox üzgünəm. Sizin övladınız heç vaxt ola bilməz deyib, analizin nəticələrini ona uzatdı. Səmayənin bir anlığa allanmış yanaqları solmağa başladı.Gözlərindən bir damla yaş süzülüb, solğun yanaqlarında dayandı.

Yox-yox ola bilməz bu ola bilməz deyib ayağa qalxdı və qaçaraq xəstəxananı tərk elədi.

Amin yerindən fırlayaraq, həkimlə vidalaşmamış onun ardınca qaçdı.Səmayə, Səmayə dayan canım mənim bir gözlə.Səmayə isə qaçır, Aminə ardımca gəlmə deyirdi.

Amin təngənəfəs halda onun qolundan tutdu.Bir dur canım mənim.Məgər bizim sevgimiz bir uşağa bağlıdırmı? Məgər bizim əhdimizi bir uşaqmı pozacaq?

Mən səni hər zaman sevəcəyəm.Həyatda hər şeyin bir yolu olduğu kimi bunun da bir yolu var. İndi tibb inkişaf edib.Olmasa süni mayalanma ilə övlad sahibi olarıq olmazmı? Səmayə ilk dəfə olaraq Aminə sərt baxışlarla baxırdı.

-Amin, fərqinə varsan görərsən ki, xəstə olan mənəm. Mənim bətnim əsla uşaq daşıya bilməz. Bunu necə edəcəyik hə? Mən sənin də həyatını puç etdim.Mənə görə sənin də övladın olmadı deyərək hönkürtü ilə ağlamağa başladı. Amin onu qucaqlayaraq, sakitləşdirməyə çalışdı.

– Səmayə, bu həyatda uşağım da daxil, sən mənim hər şeyimsən.Mən hər acıya dözərəm sənsizlikdən başqa.

Allah bizi ayırmasın başqa hadisələrin öhdəsindən gələ bilərik.

İstərsən gedib uşaq evindən də bir uşaq götürərik sevgimizlə sarıb-sarmaladıqsa demək biz əsil valideyinik.Yetər ki, sənin lalə yanaqların və ulduz gözlərin solmasın Səmayəm deyərək, onu bağrına basdı.

Bir neçə gün idi ki, şadraq gülüşlər, şən nəğmələrlə dolu bu ev tamamilə sükuta qərq olmuşdu. Hər gün uşaq şıltaqlıqları və şirin sözləri ilə Amini yuxudan oyadan Səmayə, sükutun dərinliklətində qərq olmuşdu.O, gecələri yatmır, sabahları tezdən oyanıb dərin xəyallar içərisində süfrə qurub, saat zənginin çalındığını gözləyirdi ki, Amin yuxudan oyansın.Halbuki Amin saatın zənginə yox, Səmayəsinin xoş sözləri və şıltaq gülüşlərinə vərdiş etmişdi.Evdə olan bu soyuq abı-hava Aminin ürəyinə ağır zərbə vururdu.

Yenə də saat zəngi…Amin yuxudan oyandı və yenə də Səmayəni yanında görmədi.Dərin bir köks ötürərək mətbəxə getdi. Süfrə hazır və sükut içində onu gözləyirdi.Səmayə isə pəncərə önündə dayanıb dərin bir xəyala dalmışdı.Amin ona yaxınlaşıb qucaqlamaq istədikdə Səmayə xəyalların ağuşundan qopdu.

-Nə olub sənə Səmayə, dünyanın axırıdırmı? Neçə gündür bu evin dadı-duzu qalmayıb.Yalvarıram özünə qayıt ömrüm.Məgər mənim sevgim sənə bəs etmirmi? Məgər mən sənə hər şeyi əvəz etmirəmmi? Axı sən mənə hər anı ömrüm deyirsən, bir ömür sənə yetmirmi? Səmayə Aminin gözlərinə uzun-uzadı baxdı.Gözlərindən bir damla yaş axıb solğun yanaqlarında dayandı.Özünü zorla toparlayaraq, Amin mən səni canımdan artıq sevirəm.Elə sevdiyim üçün də səndən ayrılmaq istəyirəm.Mən sənin həyatını alt-üst edə bilmərəm, mən səni atalıqdan məhrum edə bilmərəm.Hamı kimi sənin də ata olmağa haqqın var. Mən bu gün atam evinə gedəcəyəm, sabahdan isə boşanmaq üçün məhkəməyə baş vuracağam.

Amin bu sözlərin təsirindən sillə yemiş kimi diksindi.

-Sən nə danışırsan Səmayəm, ağzın deyəni qulaqların duyurmu? Səncə məni sənsizlik deyil övladsızlıq incidər eləmi? Bu qədərmi sənin sevgin, bu qədərmi sənin əhdi-ilqarın?

Bizim evimizi isidən uşaq nəfəsi deyil, bizim əbədi sevgimizin qaynar və heç bir zaman da soyumayan nəfəsidir. Uşaq istəyirsən?

Hazırlaş bu gün uşaq evlərinə gedib övladlıq üçün müraciət edəcəyik.Canım mənim sən məndən canımı istə amma ayrılıq istəmə.Səmayə bu sözlərin təsirindən hönkürərək Aminin boynuna sarıldı.

Körpələr evi necə də səsli-küylü, necə də şən və kədərli idi.Kimisi həyatın fırtınalarından xəbərsiz halda öz uşaq xəyallarına sarılıb oyun oynayır, kimisi də boynu bükük gözlərini qapıya zilləyib anasının nə vaxtsa bu qapıdan içəri girəcəyini gözləyirdi. Səmayə bu uşaqları gördükdə sanki öz dərdini unutdu.

-Ey mərhəmətli və ədalətli Allahım. Bu necə ədalətsizlikdir yer üzünü ağuşuna alıb.Mən və mənim kimi yüzlərlə qadın övlad həsrəti ilə yanıb tutuşduğu halda, övlad dünyaya gətirib sahib olmaq istəməyən qadınlara ana olmağı nəsib etmisən. Bir ana necə övladını tərk edə bilər axı? Bəlkə də Tanrı mənə övlad verməyib ki, buradakı hansısa yetimə sahib çıxım.Sən nə böyüksən Allahım..

Elə bu anda Amin Səmayənin əlindən tutub dodaqlarına yaxınlaşdırdı.

-Hə Səmayəm müdiriyyətlə danışdım. Düzdür bu iş tez həll olmayacaq. Bir neçə mərhəıədən keçəcək. Bəzi sənətlər imzalanacaq.Amma seçim sənindir bax hansı uşağı istəsən övladlıq edə bilərik.

Səmayə isə gözlərini körpələrdən ayıra bilmirdi o, əlini gah qız gah da oğlan uşağına uzadıb bunu istəyirəm demək istəsə də bilmirdi ki hansını seçsin.

-Amin, məndən olsa elə bunların hamısını övladlıq edərəm.Bax, hamısı biri birindən gözəl, biri-birindən şirin. Amin gülümsəyərək Səmayənin əllərindən öpdü.Əzizim bu qədər uşaq səni incidər.Bax buna da mən dözə bilmərəm.Sənin saçının telinə toxunan zərbə mənim ürəyimdən keçir axı.Elə bu an baxıcılardan biri qucağında körpə bir uşaqla onlara tərəf gəldi.Səmayə Aminin sözünü ağzında qoyub həmin uşağa tərəf yüyürdü.Amin bir buna bax nə şirin uşaqdı.O, uşağı baxıcının qucağından alıb sevməyə başladı.Bunun adı nədir?neçə aylıqdər? Baxıcı dərindən köks ötürərək dedi. Bu uşaq yeni doğulmuş halda bizim uşaq evinin qapısı önünə tərk edilmişdi adını da biz qoymuşuq.Adı Kamrandır özü də dörd aylıq.

Səmayə uşağın üzündən öpdü.Kamran…mənim ən sevdiyim ad.Bu ad mənim uşaq adları siyahım da da var özü də lap başdan yazılıb.Yadındamı Amin “Çalı Quşu” romanını bərabər oxuyurduq.Elə o zamanlardan dedik ki, evləndikdən sonra oğlumuzun adı Kamran, qızımızın adı Fəridə olacaq. Amin gülümsəyərək cavab verdi.Yadımdadır Səmayəm.Heç o günləri unutmaq olarmı? Səmayə Kamranı bağrına basaraq, bunu istəyirəm Amin budur mənim balam deyərək uşağın yanaqlarından öpüb oxşadı.Amini isə xoşbəxt edən uşaqdan çox Səmayənin xoşbəxt görünüşü idi.Günlərdir ki, Səmayənin üzünü gülüş və xoşbəxtlik tərk etmişdi. Bu gün isə onun çöhrəsinə yenidən qonub, yenidən pərvazlanmışdı. Bu isə Amini daha da xoşbəxt edirdi.

Baxıcı uşağı Səmayədən almaq istəyəndə, Səmayə əlini geri çəkdi.Bir anlığa uşağa elə bağlandı ki, onu kimsələrə vermək istəmədi.Baxıcı isə təmkinlə dedi.Səmayə xanım, Kamranın yatmaq vaxtıdır verin aparıb yatırım.Səmayə uşağı baxıcıya versə də ürəyi onun yanında qaldı.

Amin nə olar bu işi tezləşdir.Birdən bunlar Kamrana yaxşı baxmazlar xəstələnər, nəsə olar.

-Yaxşı ömrüm müdiriyyətlə yenidən danışaram. Kamranı götürəcəyimizi də deyərəm.

Səmayə evə dönsə də, ayaqları geri gedirdi sanki.Kamranın süd iysi burnundan getmir, qolları onu qucaqlamaq üçün darıxırdı

Evə gələn kimi isə onun otağını seçdi.Amin bax bu otağı uşaq otağı edərik.Sabahdan təmir etdir bu otağı.Divarlarına gözəl aboy vurdur.Bax bura beşik qoyacayıq.Bura isə oyuncaqlarını. Səmayənin susmuş dili elə açılmışdı ki, susmaq bilmirdi ki, bilmirdi.Amin isə onun bu halı üçün darıxdığından susdurmaq niyyətində də deyildi.Kənardan durub Səmayəsini film kimi seyr edirdi.Səmayə birdən Aminin bu baxışlarını hiss etdi və dedi.Bura bax, sən niyə danışmırsan hə? Gəl gedək beşik alaq.Amin, Səmayənin qolundan tutub sinəsinə tərəf çəkdi.Canım mənim bilsən sənin bu gülüşün üçün necə də darıxmışam. Sən xoşbəxt olanda, mən daha da xoşbəxt oluram.İzin ver bu xoşbəxtliyi doya-doya seyr edim.Hə bir də ki, evi təmir edəcəm.Amma bizə beşik gərək olmayacaq əzizim.Bu proses aylar çəkər bəlkə də il.O zamana qədər Kamran böyüyəcək.Ona beşik yox, çarpayı lazım olacaq canım mənim.

Səmayənin gözlərindəki sevinc bir anlığa uçub getdi. Sən nə danışırsan Amin? Mən o qədər dözə bilmərəm. Uşağı evimizə tez gətirək.

Amin təssüflə, məndən olsa elə bu gün gətirərəm əzizim.Uşaq evinin öz qanunları var. Hələ gəlib evimizə, ailə münasibətlərimizə baxacaqlar.Bizi imtahan edəcəklər. Amma əminəm ki, Kamranı bizə tez verəcəklər.Çünki biz ideal ailəyik.

Mən səni çox sevirəm Səmayəm.Sən nə istəyirsənsə, yetər ki, istə.Sənin arzularını həyata keçirmək mənim boynuma.

Səmayə isə bunları çox gözəl bilirdi.Aminin onu necə sevdiyini, necə əzizlədiyini..

Amma onun da sevgisi Aminin sevgisindən az deyildi.Sadəcə bu sevginin boş bir hissəsi var idi ki, o da övlad sevgisi idi.

Nə qədər bu sevginin təsirindən azad olmaq istəsə də özü ilə bacarmırdı ki, bacarmırdı.

Günlər ağır-ağır keçsə də aylara dönürdü.Səmayə demək olar ki, hər gün uşaq evinə gedir, Kamranı öz əli ilə yedirib geyindirirdi.Gecələri isə çox nigaran qalardı.Düşünərdi ki, Kamranın üstü açıq qalıb.Əlində əlacı olsaydı elə gecələri də Kamranla bərabər uşaq evində keçirərdi.

Səmayənin ana sevgisini görən uşaq evinin müdürü, Kamranı onlara vaxtından əvvəl verməyi qərara aldı.

Səhər saat on-on bir arası telefon zəng çaldı.Səmayə dəstəyi götürdü.

Alo… dəstək əlindən yerə düşdü və şıltaq uşaqlar kimi qışqıraraq otağın bir başından o biri başına qaçdı.

Allahım, Allahım şükürlər olsun.Allahım balamı gətirəcəyik, Kamranım evə gəlir.O tez tələsik Aminə zəng vurdu.Amin tez işdən çıxıb evə gəl.Uşaq evindən zəng gəldi.Bu gün Kamranı gətirə biləcəyik. Səmayənin sevinc dolu bu səsi Aminin ürəyinə yağ kimi yayıldı və bir dəstə çiçək alıb evə getməyə tələsdi.

O gün Səmayənin həyatındakı ikinci xoş günlərdən biri idi. Onun gözlərində sönən bir cüt ulduz yenidən parlamış, solmuş yanaqlarına lalə qızartısı çökmüşdü. Sevdiyi qadının ürəyinə fərəh dolduran Kamranı evinə gətirən Amin isə zövqlə bəzənmiş maşınını məhəlləyə çatana qədər siqnallayırdı. Məhəllədə uşaqdan böyüyə qədər hamı Kamranı qarşılayır, Aminlə Səmayəyə göz aydınlığı verirdi. Səmayə bu təmtəraqdan məmnun qalsa da nigarançılığı bu məmnunluğa kölgə salırdı. O, qorxurdu ki, balaca Kamranına və xoşbəxt ailəsinə göz dəyər və o, yenidən xoşbəxtliyini itirə bilər. Elə buna görə də, oğlunu bağrına basıb iri addımlarla evə tərəf qaçdı. Balaca Kamran isə sanki bu səs-küyü duymur, mışıl-mışıl yatırdı. Səmayə onu ehtiyatla bəzəkli beşiyinə uzatdı.

-Evinə xoş gəldin bala, qədəmlərin uğurlu olsun deyərək beşiyi yelləməyə başladı və astaca oğlunun ilk laylasını dedi:

Lay-lay beşiyim lay-lay,

Evim-eşiyim lay-lay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin lay-lay.

Lay-lay balam a lay-lay,

Lay-lay quzum a lay-lay.

Sanki Kamran da ilk dəfə olaraq ana laylasını dinləyir, yuxuda gülümsəyir və yuxusu daha da şirinləşirdi.

Qapının səsinə diksinən Səmayə, Aminə “sus” işarəsi verib özü də ehtiyatla otaqdan çıxdı.

-Acından ölürəm, Səmayəm.Yeməyə nə var? – deyib, Amin mətbəxə keçdi. Səmayə isə cəld və şadyanalıqla süfrə hazırladı. Hə, gəl, canım gəl, Kamran oyanınca yeməyimizi yeyək. Birdən oyanıb ağlayar.

Səmayə yenicə yeməyə başlamışdı ki, Kamranın səsi eşidildi. O, əlindəki tikəni yerə qoyaraq onun harayına qaçdı. Kamran ağlayırdı.

Səmayə onu qucağına alıb sakitləşdirməyə başladı.

Mənim balama nə olmuş, acmışmı mənim oğlum?

Səmayə uşaq evinə hər gün gedib-gəldiyindən Kamran ona isinişmişdi. Elə buna görə də o, Səmayənin qucağında sakitləşdi.

Kamran, Səmayə ilə Aminin həyatına günəş kimi doğmuşdu. Elə bu doğuşla da onların həyatı dəyişmiş, məsuliyyətləri daha da artmışdı. Artıq bu evdə Səmayənin deyil, Aminin narazılığı gözə çarpmağa başlamışdı. Kamran gələndən sonra Səmayənin Aminə olan ilgisi azalmışdı. O, bütün gününü Kamrana sərf edir, bəzən isə onun sevgisinə o qədər qapılırdı ki, Amin unudulurdu. Elə buna görə də Amində gizli qısqanclıqlar yaranmağa başladı.

Səmayə, acam axı, işdən gəlmişəm.

-Amin, bir az gözlə, Kamranı yedirib yatırım, gəlirəm.

-Səmayə, gecdir, səhər işə gedəcəyəm, uşaq yatıb, gəl biz də yataq.

-Amin, əzizim, Kamranın deyəsən bir az qızdırması var, mən onun yanında yatacam, sən yat.

Bu və bu kimi hadisələr Aminin qısqanclığına səbəb olmuşdu.

Səhər tezdən Aminin telefonuna zəng gəldi. Anası idi:

-Alo, salam, ana, necəsən?

-Salam, oğlum. Sən soruşalı yaxşıyam. Oğlun gələndən daha biz unudulmuşuq. Anasının bu sözlərindən Aminin boğazı qurudu, ürəyində isə: “Ana, elə mən də unudulmuşam”- dedi.

-Yox, ana, niyə unudulursan ki… Bilirsən, uşaqlı olmaq necə olur. Başımız çox qarışıqdır.

-Bilirəm, oğlum, bilirəm. Sabah atanla sizə gəlirik, dedim ki, biləsiniz. Gəlib nəvəmi görmək istəyirəm.

-Xoş gəlirsiniz ana. Çox sevinərik. Elə Kamran da nənəsini, babasını görər.

-Yaxşı, oğlum, sabah görüşərik, sağ ol.

-Sağ ol ana. Görüşənə qədər.

Amin Səmayəyə səslənərək dedi: “Əzizim, sabah anam gil bizə gəlirlər.” Səmayə üzdə xoş gəlirlər desə də, ürəyini nigarançılıq bürüdü.

O qorxurdu ki, qaynanası gil Kamranı sevməz, ona ögey münasibət bəsləyərlər. O zaman Səmayə buna dözməz, ailələrinə söz-söhbət düşər. O ərinin yanına gəlib dedi: “Amin, əzizim, səncə anangil Kamranı sevəcəklərmi?”

-Əlbəttə sevəcəklər, ömrüm. Kamran bizim övladımızdır. Bax, valideyinlik borcu uşağı dünyaya gətirməklə bitmir. Onu böyütmək, yuxusuz gecələrini vermək; – bunlar olmadan ata və ya ana olmaq olarmı? Kamranı sən dünyaya gətirməyə bilərsən. Amma, onun anası sənsən. Hə, bu arada, oğlumuz gələndən mənə olan ilgin azalıb, bunu da biləsən.

Səmayə gülümsəyərək Aminin boynuna sarıldı:

-Əzizim, buna sevginin azalmağı yox, sevginin çoxalmağı deyilir.

-Necə?

-Bax, ev böyüdükcə iş də böyüyür və qadın bunların öhdəsindən çətinliklə gəlir. Sizin də sevginiz böyüyüb evi o qədər doldurub ki, bilmirəm haradan başlayım. Kamran körpə olduğu üçün gözləmədə sən qalırsan, canım. Ümid edirəm ki, məni anlayarsan. O, bunu deyib Aminin üzündən öpdü və yenidən Kamranın bəzəkli otağına getdi.

O gecə Kamran narahat yatdığı üçün, səhərin necə açıldığını Səmayə hiss etməmişdi. Onu qapının zəngi yuxudan oyatdı. Gələn qaynanasıgil idi. O, tələsik əynini geyinib qapıya tərəf getdi:

-Xoş gəlmisən ana, xoş gəlmisən ata. Buyurun, keçin içəri.

-Sağ ol, gözəl gəlinim, xoş günlərinizə gələk, – deyərək, Məleykə xala və Səməd dayı içəri daxil oldular və həmin an da gözləri Kamranı axtardı. Bəs bizim nəvəmiz hardadır, – deyib Məleykə xala otaqlara göz gəzdirdi.

Səmayə Kamranı otağından gətirib qaynanasının qucağına verdi və elə həmin andan da, ürəyini didib tökən nigarançılığa son qoyuldu. Məleykə xala və Səməd dayı Kamranı elə əzizləyirdilər ki, doğma nəvələri kimi. Səmayə ürəyində özü-özünü danladı.

Off, Səmayə, sən bu gözəl insanlar üçün nələr düşünürdün, nələr gördün.

-Nəvəm neçə aylıqdır, ay bala? Səmayə elə fikrə getmişdi ki, qaynanasının səsini belə eşitmədi.

– Səninləyəm, qızım.

– Hə ana, eşidirəm.

– Sənə nə olub bala? Bəlkə nəsə var, əgər varsa məndən gizlətmə.

– Yox, ana, nə olacaq ki, gecə Kamran narahat yatıb bir az yuxusuzam ona görə.

– Həə, analıq budur, bax, qızım. Qadının analığı yuxusuz gecələrdən başlayır, dünyaya uşaq gətirməklə deyil. Soruşdum ki, nəvəm neçə aylıqdır?

-Bir neçə gündən sonra bir yaşını tamamlayacaq, ana.

Sağ salamat, atalı-analı böyüsün, ay bala.Əsas odur ki, sizə və sizin sevginizə layiq övlad olsun.

-Amin, anacan, Amin. Mən əminəm ki, Kamran çox ağıllı övlad olacaq bizə.

-İnşəallah, qızım.

Kamran az müddətdə nənə və babasına elə isinişdi ki, onlardan ayrılmaq belə istəmirdi. Hələ bu qısa müddətdə dil açıb, nənə -baba da deyib, Məleykə xala ilə Səməd dayını sevindirmişdi.

Səmayə bu cür ailəsi olduğu üçün özünü bir daha xoşbəxt sandı.

Deyirlər insan həyatında xoşbəxtliyin ömrü bəzən qısa olur. Hər bir sevincin yolunda kədər, xoşbəxtliyin yolunda isə bədbəxtlik gizlənir. Aminlə Səmayə də məhz bunlardan xəbərsiz halda öz xoşbəxt həyatlarını sürdürməyə davam edirdilər.

Kamranın sevgisi, Səmayənin qəlbini o qədər doldurmuşdu ki, artıq övladının olub, olmayacağı umrunda belə deyildi.

Kamran bu ailədə xoşbəxt böyüyür, özü xoşbəxt böyüdüyü kimi, Aminlə Səmayəni də xoşbəxt edirdi.


Devamı var


Metanet Duygulu
www.kafiye.net