ƏRKİVAN



Sənin gözəl təbiətin
Valeh etdi məni, inan.
Hər məramlı ziyarətin,
Döndü oldu pir, Ərkivan!



Qədim ulu tarixin var,
Nələr demir bu daş , divar!
Diymaz, bilməz naşı zəvvar,
Hər bucağın sirr Ərkivan.


Dərələrin sel ötürən,
Ağacların bar götürən,
Çəmənlərin gül bitirən,
Kənd içində dürr Ərkivan!


Nur üzlüdü ahılların,
Ər igiddi cahılların,
Heç artmasın paxılların,
Xoşbəxt günlər gör, Ərkivan!


Di yola sal qonağını,
Öpdüm gözəl yanağını,
Gəlim görüm şad çağını,
Uzun ömür sür, Ərkivan!


Təvəkkül Goruslu Məmmədov / 23.11.2020
www.kafiye.net