A Ğ L A Y A C A Q S A N


Min gəzib-dolanıb o yan,bu yanda,
Qəmli-qəmsiz günlərini sayanda,
Qarışdırıb fəsilləri bir anda,
Gah yanıb,gah da buz bağlayacaqsan,
Hey məni düşünüb,ağlayacaqsan!



Mənsizlikdən saralıb da,solub da,
Bulud olub,boşalıb da,dolub da,
Gözyaşınla bir Araz,Kür olub da,
Min aşıb,min daşıb,çağlayacaqsan,
Hey məni düşünüb,ağlayacaqsan!



Mən keçən yollarda durub,dayanıb,
Olanları,keçənləri min anıb,
İndi mənsiz min alışıb,min yanıb,
Özün öz-özünü dağlayacaqsan,
Hey məni düşünüb,ağlayacaqsan!


Uydun bir yad,naxələfin sözünə,
Çaşdın,düşdün xəyanətin izinə,
İndi əllərini döyüb dizinə,
Özünə özün yas saxlayacaqsan,
Hey məni düşünüb,ağlayacaqsan!


Səpdin, kədərimə etdin dən məni,
Dərdimə,qəmimə etdin tən məni,
Hər yanda,hər yerdə görüb sən məni,
Heç kimə…heç kimə baxmayacaqsan,
Hey məni düşünüb,ağlayacaqsan!


Məzahir İsgəndər
www.kafiye.net