ƏSGƏRİM


Dünya bəhs eləyir cəsarətindən,
Şəhadət şərbəti içən əsgərim!
Dastanlar yazılır şücaətindən,
Tarixə qanıyla köçən əsgərim!


Bir əlində silah, birində bayraq,
Zirvələr fəth edən fateh əsgərim.
Əzminlə azaddır indi Qarabağ,
Ordular cənginə valeh əsgərim!


İllərdir gözlənən qalibiyyəti,
Xalqına bəxş edən qalib əsgərim.
Zəfərlə qazanan əbədiyyəti,
Eşqiylə Vətənə talib əsgərim.


Canıyla azadlıq toxumu səpib,
Qanıyla suvaran şəhid əsgərim.
Torpağa , elinə yurduna həbib,
Komandan yanında mürid əsgərim!


Yağmurda islanan, günəşdə yanan,
Cəsurluq simvolu mətin əsgərim.
Döyüşdə mərdliyi qeyrəti sanan,
Vətənlə , torpaqla bütün əsgərim!


Təvəkkül Goruslu Məmmədov.13.11.2020.
www.kafiye.net