CANIM

(Şəhid dilindən)


Əzablı gün gördüm odda, alovda
Döndüm ki, qoy bir az, soyusun canım.
Vətən keşiyində yuxusuz qaldım
Dincəlim, torpaqda uyusun canım.


Ey ana! Yolma saç, cırma üzünü,
Ey ata! Toxdaq tut hər an özünü,
Bacılar, ağı tək demə sözünü
Qardaşım, adınla var olsun canım.


Mərd oğul dəyişməz sözünü, andı
Bayrağa bürünmək şərəfdi, şandı.
Mən göyə ucaldım, yağılar yandı
Qazmısan düşmənin quyusun canım.


Kim qoysa yolunda ömür, varını
Yox edər xalqının ahu – zarını
Şərəfsiz xainlər günahlarını
Zəm-Zəm çeşməsi tək qoy yusun canım.


Yolumu gözləyən nisgil, qəmi at.
Girmişəm qəlblərə, yerim çox rahat.
Cənnət dilənilir mənə hər saat
Yaşasın vətənim, ulusum canım.



Mübariz Hüseyn Borçalı
www.kafiye.net