Qubadlının azad edilməsi münasibətilə (Azərbaycan Ordusuna eşq olsun! )


OLAQ


Səni tərk edəndə, səndən gedəndə,
Arxaya həsrətlə dönüb baxmışdıq .
Ürəyin yerinə sınmış bədəndə,
Götürüb çaylağın daşın taxmışdıq!


Gedən bizlər idik, qalan leyləklər,
Bir də ki, yellənən qara çinarlar.
Gövdəsin döydükcə dəli küləklər,
Bilirdik xiffətə dözməz, sınarlar!


İndisə dönürük köksündə sənin,
Çağlayan, döyünən ürək olmağa.
Çəkilir dumanı daha qüssənin,
Gəlirik sinəndə məskən salmağa.


Şükür ki, bu dönüş bir yuxu deyil,
Qəhrəman ordumun sayəsindədir.
Oğullar nə vaxtdır intiqam deyir,
İgidlik xalqımın qayəsindədir.


Az qalıb, Laçından Salam aparıb,
Xankəndi, Şuşaya yetirər ordum.
Düşmənin sipərin, bəndin qoparıb,
İşğalı tezliklə bitirər ordum.


Tanrıdan bir ümdə istəyim də var,
Alınsın vətənin Zəngəzur qolu.
Mehriyə, Gorusa olunca süvar,
Açılsın yurdumun Naxçıvan yolu.


Şərqində Asiya, qərbdə Türkiyə,
Sınırsız, sərhədsiz bir vətən olaq.
Əl açaq, qol açaq tam ilişkiyə,
Bir bütöv, bir ulu Türküstan olaq!



Təvəkkül Goruslu. 25. 10. 20
www.kafiye.net