BAYRAĞIM



Əsgərim zirvəyə çəkib tikdikcə,
Zəfəri xalqımla bölür bayrağım.
Küləklər hüsnünə sığal çəkdikcə,
Sevinir bayrağım, gülür bayrağım!


Qəlbləri titrədən çırpıntısıyla,
İşğalı tarixdən silir bayrağım!
Ulduzu, hilalın parıltısıyla,
Düşmənin bağrını dəlir bayrağım!


Döyüşkən biləklə, əllə ucalıb,
Qucağın orduma açır bayrağım!
Nurunu parlayan günəşdən alıb,
Şəfəqin yurduma saçır bayrağım!


Bu elin, bu yurdun əzmi, vüqarı,
Şəhidlik yaramı sarır bayrağım!
Azadlıq elçisi, zəfər süvarı,
Bütövlük namına varır bayrağım!


Təvəkkül Goruslu. 2020
www.kafiye.net