ELİNDƏN ALMA


Sənə yalvarıram uca yaradan,
Duanı xalqımın dilindən alma.
Götür bu möhnəti, dərdi aradan,
Bircə tükünü də telindən alma.



Gəl möhtac eyləmə mərdi namərdə,
Yaxşılar düşməsin sağalmaz dərdə.
Sevgiyə ibadət olunan yerdə,
Rəhm elə bülbülə, gülündən alma.



Ömrünə ömür qat çiçəkli yazın,
Çəksin təbiətin nəvaziş-nazın.
Lazımsa al canın gəlinin, qızın,
Abır həyasını əlindən alma.



Heç əksik eləmə zirvədə qarı,
Çağlasın yurdumun buz bulaqları.
Sevən ürəklərdən əhdi, ilqarı,
Maralı, ceyranı çölündən alma.


Şeytani hissləri əsirgə bizdən,
İnsanlıq düşməsin bir daha gözdən.
Laləni, nərgizi dərədən-düzdən,
Yaşılbaş sonanı gölündən alma.


Götür yer üzündən zalım milləti,
Daha çəkdirməsin bizə zilləti.
Həsrətdən qovrulan bu Mətanəti,
Yetir vüsalına, elindən alma.




Müəllif.M.Duyğulu.
17.09.2020
www.kafiye.net