DÜNYA HARA GEDİR GÖRƏSƏN BELƏ.


Əzəlindən gizli tutub yaşını,
Atıbdır çoxuna qara daşını.
Yenə sərsəri tək alıb başını,
Dünya hara gedir görəsən belə?




Gömüb ağuşuna ər igidləri,
Səpib yer üzünə nar-namərdləri.
Verib məzlumuna ağır dərdləri,
Dünya hara gedir görəsən belə?



Yenə dodaqları qana susamış,
Meylini cəhənnəm oduna salmış.
Axı halallığı bizdən almamış,
Dünya hara gedir görəsən belə?



Atıb kürəyinə namusu, arı,
Əzib taptalayıb əhdi-ilqarı.
Salıb arxasınca lüt xoruzları,
Dünya hara gedir görəsən belə?



Dolanır sərgərdan sanki boş kimi,
Əzabın üzünə gülür xoş kimi.
Hərlənib-fırlanıb bir sərxoş kimi,
Dünya hara gedir görəsən belə?



Yığıb boxçasına toyu-düyünü,
Yükü elə çox ki, görünmür önü.
Dərdi-sərin üsyan edən bu günü,
Dünya hara gedir görəsən belə?



Özü-öz varlığın salaraq gözdən,
Qaçır, elə bil ki, qorxubdu bizdən.
Hələ saçlarına düşməyib ki dən,
Dünya hara gedir görəsən belə?



İnsan övladları etdi onu xar,
Geniş sinəsini eyləyərək dar.
Yəqin gedir etsin cana intihar,
Yoxsa hara gedir görəsən belə?
Dünya hara gedir görəsən belə?




Müəllif.M.Duyğulu.
31.08.2020
www.kafiye.net