GÖZLƏRİYLƏ

Bağlı bəxtə olub açar,
Təbəssümü könül açar.
Neçə qəlbə atəş saçar
Gözəl, yaxan gözləriylə.

Mərd oğuldan olan övlad
Dözməz yurdu qəsb etsə yad
Hər an görmək istər azad
İgid, baxan gözləriylə.

Günü susqun, qəmli keçər,
Su yerinə məlhəm içər.
Ahıl baxıb, güclə seçər
Eynək taxan gözləriylə.

Öndə gedər, kim qol gərər
Hicran qovan, vüsal dərər.
Ərən qəti qərar verər
Şimşək çaxan gözləriylə.

Söz mülkünə qala hörər,
Uçan xəyal barın dərər.
Düzlük sevib, haqqı görər
Şair, axan gözləriylə.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net