ATA.
(Atasını itirənlər üçün.)

Sən bizi tərk edib gedəndən bəri,
Ürəkdən sevinib gülmürəm ata.
Gömüb ürəyimə hər dərdi səri,
Onu kimsələrlə bölmürəm ata.

Sığalın getməyib hələ telimdən,
Əlinin istisi soyuq əlimdən.
Adını asmışam sanki dilimdən,
Əksini gözümnən silmirəm ata.

Həsrətin göynəyib yanır sinəmdə,
Adını söyləyir saçımda dəndə.
Kimsə atasına ata deyəndə,
Mən kimi səsləyim, bilmirəm ata.

Qoymazdın qəm-kədər yağa üzümnən,
Bir damla göz yaşı düşə gözümnən.
Rəsmini gəzdirib indi özümlə
Onu kimsələrə vermirəm ata.

Daha əzizləyən yoxdu ki, məni,
Unuda bilmirəm “bala” kəlməni.
Bəlkə də küsmüsən nə vaxtdır səni,
Daha yuxumda da görmürəm ata.

Sənsiz kəsilibdir sanki sağ qolum,
Yatdığın torpağa mən qurban olum.
Uzun müddətdir ki, bağlanıb yolum,
Məzarın üstünə gəlmirəm ata.



Müəllif.Metanet Duyğulu.
20.05.2020.
www.kafiye.net