FƏLƏK,QIYMAYAYDIN ANAMA
**
Atamı itirdim,bəs deyildimi?
Fələk,qıymayaydın anama barı..
Saxladığım bu yas yas deyildimi?
Fələk,qıymayaydın anama barı..
**
Yaramı sarardı hər zaman,hər vaxt,
Durardı ömrümün yolunda sərvaxt
Qurmuşdu qəlbimdə elə böyük taxt
Fələk,qıymayaydın anama barı..
**
Bala ucbatından tir-tir əsərdi
Bizə gələn dərdin yolun kəsərdi
Nə bizdən inciyər,nə də küsərdi
Fələk,qıymayaydın anama barı..
**
Bizimçün özünü hey atdı oda
Bir ömür yaşadı xalis qəm,qada
Əvəzi vardırmı onun dünyada?
Fələk,qıymayaydın anama barı..
**
Mehriban gülüşü bal dadardı,bal
Bir az zarafatcıl,bir az xoş əhval
Ona tərif deyir bütün bu mahal
Fələk,qıymayaydın anama barı..
**
Anam gözəllikdə bir sona idi
Dünya bir,o isə bir yana idi
Axı pənahımız bir ona idi
Fələk,qıymayaydın anama barı…



Nazlı Hacılı
www.kafiye.net