HAQQIN QƏZƏBİNDƏN QORX
(Saflığımdan istifadə edənlərə)

Hər işdə saflığım, iyrənc əməlin,
Toqquşub alovlu şimşək qopardı.
Bulanıq su imiş demək təməlin
Təmiz ünsiyyəti yuyub apardı.

Haqqı cavab payın aydın oldumu?
Qazdığın quyuda görməyəndə su
Əkdiyin bitmıyib gözdə qaldımı?
Əziyyətsiz bəhər, dərmək arzusu.

Nə qədər safdırsa almaz onu bil
Daş – qaş cərgəsində deməz özündən.
Dözüb hər zərbəyə əyilən deyil
Qiymətdə hər şeyin vurar gözündən.

Özgəyə görünməz tələlər quran
Bir zaman ilişər öz kəməndinə.
Köksündən sancılar arxadan vuran
Amansız qəzəbin düşər bəndinə.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net