Biz Başqa


Biz başqa yaşadıq o uşaqlığı
Bir başqa aləmdi o vaxtlar elə
Yox idi o vaxtlar mobil telefon.
Nə də oyuncaqlar bu qədər belə.

Gəlincik əvəzi bir çubuq,parça
Bələyib alardıq o vaxt qucağa.
Adlar da sadəydi Fatma,ya Nisə
Belə ad qoyardıq biz də uşağa

Kiçik çay daşıından evcik qurardıq.
Yanında palçıqdan hörərdik təndir.
Gedib evciklərə evdən pay tutub
Alıb gətirərdik çörəklə pendir.

Sınan boşqabları,çəngəl bıçağı,
Yığıb arx başında suya verərdik
Daşdan qurduğumuz o evciklərə
Bu sınmış qablarla bəzək düzərdik.

O vaxt şirin idi yavan,çörək də,
Alıb əlimizə çölə qaçardıq,
Kimsə əlimizdə görər düşünüb
Bundan çəkinməzdik,nə utanmazdıq.

Qonaq da gedərdik bir-birimizə.
Yarpızdan,nanədən pay da tutardıq,
Çobanyastığından qaymaqgülündən,
Hörüb saçımıza bəzək vurardıq

Elə ötüb keçdi uşaqlığımız,
Bizim evciyimiz çay daşlarıydı.
Cansız çubuqlardan qucağımızda
Parçaya bükülü gəlincik vardı.


Nahidə Tagiyeva Qurbanova 27.04.2020
www.kafiye.net