ŞAİR GƏRƏK GÖRDÜYÜNÜ DÜZ DESİN

Gözəl şairəmiz Nahidə Tağıyeva ilə aramızda olan deyişmə.

NAHİDƏ

Şair gərək ola haqqın yanında,
Söz qaynaya damarında, qanında.
Dəyər verib, almaq varsa canında,
Şair gərək, gördüyünü düz desin,
Doğruya düz, əyrisinə söz desin.

MƏTANƏT
Şair gördüm, yüksəklərə yalandı,
Yazdıqları, başdan-başa yalandı.
Hər yazarın qələminə var andı.
Lazım deyil, gördüyünə döz desin,
Gərəkdir ki, əyrisinə söz desin.

NAHİDƏ
Şirnikməsin şair vara, dövlətə,
Aldanmasın dünyada şan şöhrətə.
Qalanmasın gərək, ikrah, minnətə,
Şükr eləyib, əllisinə yüz desin,
Doğruya düz, əyrisinə söz desin.

MƏTANƏT
Şairlərin, şeir varı dövləti,
Qələmiylə cəm edər şan-şöhrəti.
Hər sözünün olmalıdır hikməti,
Gərəkdir ki, söz toxuyub çöz desin,
Doğruya düz, əyrisinə söz desin.

NAHİDƏ
Şair deyə, haqqam, haqqın səsiyəm,
Bəşərin haqq sözü, haqq kəlməsiyəm.
Harda əyri varsa mən özgəsiyəm.
Dil od tutsun ürək o an köz desin,
Doğruya düz, əyrisinə söz desin.

MƏTANƏT
Şair əsgər, qələm silah, söz səngər,
Məğlub olar tətik çəkməsə əgər.
Silah, sursat çəkmədiyin söz çəkər,
Yazdığını alnı açıq üz desin,
Doğruya düz, əyrisinə söz desin.

NAHİDƏ
Sinə dəftər, barmaq qələm olmalı,
Bulaq kimi qaynamalı coşmalı.
Gəldisə söz, cani dildən yazmalı,
Qoymaya dil, söz torbasın büz desin,
Doğruya düz, əyrisinə söz desin.

MƏTANƏT
Şeir yazan, olmalıdır çox mətin
Dərdlərini yazmalıdır millətin.
Gəlsə belə həyat ona çox çətin,
Hökm eləyib barmağına yaz desin,
Doğruya düz, əyrisinə söz desin.

NAHİDƏ
Şair odur yesin halal çörəyi,
Harda olsa, bacarsın söz deməyi.
Zay olmasın, ağlı, fikri, əməyi,
Yazdıqca da yazdığına az desin,
Doğruya düz, əyrisinə söz desin.

MƏTANƏT
Şair odur, söz eşidə, söz qana,
Millətinin yolunda daim yana.
Qürur verə sözlə Azərbaycana,
Vətən ürək, bayrağına göz desin,
Doğruya düz, əyrisinə söz desin.

NAHİDƏ
Şair sözü, ola ləlin qiyməti,
Əgər Allah veribsə bu neməti.
Hər misrası ola dünya ziynəti.
Hərdən hökm hərdən gərək naz desin,
Doğruya düz, əyrisinə söz desin.

MƏTANƏT
Sinə dəftər, barmaq qələm, söz varaq,
Gəl bərabər ləl toxuyub, söz quraq.
Doğruya göz, əyrilərə söz vuraq,
Qoy bir az da, biz deyəni saz desin,
Doğruya düz, əyrilərə söz desin.

NAHİDƏ
Hər sözünü şair bişirər deyər,
Düşünər ki, doğrulara söz dəyər.
Haqlı sözdən haqsız olan inciyər,
Qoymaginan məzarını qaz desin,
Əyriyə düz, doğrusuna söz desin.

MƏTANƏT
Şairlərin doğru olmalı yolu,
Yaza bilməz Tanrının hər bir qulu.
Hər an deyib, deyəcəkdir Duyğulu,
Şair gərək hər nə desə saz desin,
Doğruya düz, əyrilərə söz desin.

NAHİDƏ
Nahidəyəm götürmüşəm ağ varaq,
Qaranlığa yandırmışam bir çıraq.
Ay Mətanət şeirimizə son qoyaq,
Qoy hər şair gördüyünü düz desin,
Doğruya düz əyrilərə söz desin.


13.04.2019
Nahide Tagıyeva Qurbanova
www.kafiye.net