DEYİLSEYDİ


Hər saqqal ağardana
Deyilsəydi “ağsaqqal “,
Birçəyi ağaran da
Adlansaydı “ağbirçək”,
Bu dünyanın işindən
Baş açmazdı heç Fələk…
Çıxardı məhvərindən
Bu boyda Yer Kürəsi,
İsitməzdi cahanı
Günəşin bir zərrəsi.
Müdriklik nə “saqqal”a,
Nə də “birçəy”ə baxmır.
Nə ziyası, nə nuru
Nadan kafaya axmır.
İşində,əməlində
Yoxsa düzlük mayası,
Saç-saqqal ağartmağın
Söyləyin, nə faydası?
Örnək ola bilmirsə
Bugünkü növcavana,
Yol göstərə bilmirsə
Düz yolunu azana,
O ağarmış saçının
Nə qədərdir dəyəri?
Rənginin mahiyyəti
Deyin kimin gərəyi?
Qulaq verək söhbəti,
Sözü doğru olana.
Uymayaq hər qaşığı
Bəkməz dadan yalana.
Səadətin açarı
Düzlükdür, əqidədir.
Söykənib sığındığı
Dürüst əməllərdədir.


GÖVHƏR RÜSTƏMLİ.
12.04.20.

www.kafiye.net