Rəhmət Söyləsin

Gəlir xəyalıma dağlar-dərələr,
Yamyaşıl ormanlar,o mənzərələr,
Ağdaşım,Göydaşım,Sofu Güləsən,
Mən nələr çəkirəm hardan biləsən?

Yaxşı yadımdadır o”Qara taxta”,
Düzlərdə oxuyan o Alabaxta,
Ay Allah rəhm eylə bu “Qarabaxt”a,
Bu yazıq bəndənin yaşın siləsən!

İstəyirəm adın yazım birbəbir,
Neynim ki,dözüm yox,nə də ki,səbir,
Axırda evimiz məzar,bir qəbir,
Mərd yaşa, kişi ol,mərd tək öləsən!

Yemə məzlum malın,gələr gözündən,
Utanıb, ölərsən bir gün özündən,
Halal ol,nur yağsın,hər an üzündən,
Hər kəsin payını,sən tən böləsən!

Dua et Rəbbinə verər şəfasın,
Yoxla dostun-yadın,bir-bir vəfasın,
Parlaq et güzgü tək,könül aynasın,
Axı sən Tanrıya sadiq köləsən!

Qoy səni tanıyan rəhmət söyləsin,
Yoxsa üz turşudub,lənət söyləsin,
Ay Solmaz,dalınca xiffət eyləsin,
Son məzar evində bəlkə güləsən,
Hələ nə yaşındı?-belə öləsən!!!!


Solmaz Şirvanlı
01-03-2020
www.kafiye.net