DÜNYA DÜNƏNİMDƏ NECƏ, GÖZƏLMİŞ
(Ana dərdi silsiləsindən…)

Ana can! Sızlayıb qoyduq torpağa,
Zülmət taleyimə çətin nur yağa.
Möhtacam ümiddə yanan çırağa
Dünya dünənimdə necə, gözəlmiş.

Gün də öləziyir, çən tutub ayı,
Nalə, nifrin çəkir dərdli dağ çayı,
Canım qucaqlayır, qəm verən payı
Dünya dünənimdə necə, gözəlmiş

Ömür xanədanın çevrildi taxtı
Göylər də yaş tökdü, ildırım çaxdı.
Son vidan bizləri yandırdı, yaxdı
Dünya dünənimdə necə, gözəlmiş.

Özün qüssəmizə çarə tapardın,
Acılar bəxş edib, sevinc qopardın
Üzdən gülüşləri yığıb apardın
Dünya dünənimdə necə, gözəlmiş.

Çəkdiyim ah, canı soyuda bilmir.
Qəm çəkən gecəm də uyuda bilmir.
Hıçqıran boğazım dərd uda bilmir
Dünya dünənimdə necə, gözəlmiş


(Mübariz Hüseyn Borçalı)
www.kafiye.net