Göylər saçlarımın duvağı

Hər dəfə yağışdan sonra gün çıxır,
Gətir göy üzünün rəngini mənə.
Bir göy qurşağıyla yallı oynayaq,
Çal sakit havada cəngini mənə.

Rənglərdən azacıq otağa düşsün,
İsitsin yastığı gün qırıqları.
Qəmli baxışlara bir nur yapışsın,
Məst etsin özündə qaranlıqları.

Göylər saçlarımın duvağı, örtüm,
Gəlib yer üzündə yanağıma çən.
Bu qədər çiskini neynirəm axı?
Yığıb qucaq-qucaq qucağıma mən.

Götür gözlərimə göy qurşağı çək,
Görməsin yerdəki uzaqlıqları.
Əl atım hər dəfə tuta bilim, Yar!
Buludun rəngindən ən ağlıqları.


Gülnare İsrafil
www.kafiye.net