EŞQ GƏLƏRMİŞ ÖMRÜN BÜTÜN ÇAĞINDA

Səma kimi, ayna üzlü gözəldə,
Şəfəq saçan gün ziyasi, teldimi?
Zülmət olub hər yayılan söz, eldə
Yoxsa, bu gün bəxtimə nur gəldimi?

Yaz ətrindən sığal verib özünə,
Mavi dəniz həkk olunub gözünə,
Təbəssümü yayılanda üzünə
Çöhrəsindən çən, dumanı sildimi?

Sevgimizə dedilər, boş nağıldı,
Külək əsdi şər dumanı dağıldı.
Haqsız qeybət, çirkab kimi yığıldı
Onu yuyub aparanı seldimi?

Əqlə güvən, qollarını gərəndə,
Sevinməzmi, can qoyan bar dərəndə?
Bizi xoşbəxt, fərəhli, şən görəndə
Xeyir – dua verənim de, eldimi?

Eşq gələrmiş, ömrün bütün çağında,
Seyrəngahı düşdü bəxtə dağın da
Ey Mübariz, məhəbbətin bağında
Gülər üzlü gözləyənin güldümü?

Mübariz Hüseyn Borçalı
www.kafiye.net