ATA ƏMANƏTİ ANA İTİRDİM.

Sancını, sandım ki, üzdə gülüşdü.
Göylərə yalvardım, canı gəlişdi.
Təngiyən nəfəsi, qəmə ilişdi
Çatmaz oldum, ha öşümü yetirdim.
Ata əmanıti ana itirdim.

Dünya güc göstərib dedi ki, əyil,
Bəyan etdi Ay, Gün – bəxt, bizlik deyil.
Qoruya bilmədim onu, bircə il.
Sevinci pay verib, sitəm götürdüm
Ata əmanəti ana itirdim.

Saçım haray saldı – tez düşəsən, dən.
Süzülüb qan axdı, qəlb şüşəsindən.
Sızlayan ürəyin qəm guşəsindən
Zəlzələ qoparan bir köks ötürdüm
Ata əmanəti ana itirdim.

Ahım lərzə saldı, göylər tağını,
Düzlərdən, yaratdım sinə dağını,
Doğma yurd yuvanın bostan, bağını
Nisgillə sulayıb, qəmi bitirdim
Ata əmanəti ana itirdim.

Tufan, haray salma, get yuvanda yat,
İldırım, çaxnaşma sakitlik yarat,
Torpaq, arzuladın indi ol rahat
Bəyaz geyindirib onu gətirdim
Ata əmanəti ana itirdim.

Mübariz Hüseynli
www.kafiye.net