QÜRBƏTDƏ CAN ƏRİYƏR

Ala bilməzsən ələ
Qürbətdə can əriyər.
Dönüb, tükənməz ilə
Üstünə an yeriyər.

Gül – çiçəkləri solub,
Zəhər verir arısı.
Yurddan didərgin olub,
Millətin tən yarısı.

Göynəyir, qəlbin simi,
Dünyaya göz açalı
Görürəm mənim kimi,
Sızıldayır BORÇALI.

Üzünə durub qışı
Gələmmir bahar, yazı.
Göynəyib, dağı – daşı
Yadlaşır QARAYAZI.

Çətin ki, tayı ola,
Tapa bilməzsən əvəz.
İndi dönüb xəyala,
O cənnət DƏRƏLƏYƏZ.

Qəmdən, nisgil də çoşar,
Olsa kim, yada salan.
Necə gülüb danışar
GÖYCƏyə həsrət qalan?

Üzülüb inciməzmi?
Xəyal etsə güzarı.
De: – sevəni üzməzmi?
DƏRBƏNDin intizarı.

KƏRKÜK adlı şəhərim
İndi yadın sayılır.
İtib zinət, gövhərim
Yatan çətin ayılır.

Baxıb həsrətli dağa
Özümüzü üzürük
Gedəni qaytarmağa
Görən kimi gəzirik.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net