SINAQ(yeni)

Həsrətin o qədər olub ki,dərin,
Sənsiz yalnız günlərimi yormuşam.
Gecə gündüz təkcə səni düşünüb,
Sənlə bağlı xəyalımı qurmuşam.

Necə dözdüm bu illərə görəsən?
Yıxmadı heç həsrətinin qorxusu.
İyirmibeş il çəkdiyimiz əzablar.
Elə bil ki,olub qəflət yuxusu.

Budur artıq ayılaraq yuxudan,
Gördük nə biz bizik,nədə yaş o yaş.
Barı saçlarına sığal çəkərək,
Onu qaraltmağı bacaraydım kaş.

Ömrün baharını yellər aparmış,
Gənclik illərindən kam da almadıq.
Həzrəti Yusif tək iyirmibeş ili,
Sən mənsiz,mən sənsiz zindanda qaldıq.

Tanrı verdi bu həsrəti bəlkə də,
Keçirdi taleyin sınaqlarınnan.
Leylini Məcnunu,Əsli Kərəmi,
Aldı nağılların caynaqlarınnan.

Tanrının verdiyi imtahanlara,
Şükürlə baxıram min,milyon kərə.
Nağılın sonunda üç almanı yox,
Bizim sevgimizi endirdi yerə.

Müəllif.Mətanət Duyğulu.

09.04.2018.
www.kafiye.net