Kəlləpaça

Tapa bilmədim birin, bu möhtəşəm sirri aça,
Niyə böylə sevilir, milli yemək, “kəlləpaça?!

Lap qədimdən bu yemək, malik olubdur nüfuza,
Hazırlanma qaydasın kimsə bilməyibdi poza,
Masaya verilməmiş, ehtiyac olmayır duza,
Sarımsaqlı qatığı, yüz qramı, iştah aça,
Niyə böylə sevilir, milli yemək, kəlləpaça?!

Canımız çıxır “safa,” gör neçə sağlıq deyilir,
Bircə gün tapılmasa, dalınca gözlər döyülür,
Görəsən, səbəb nədir, sübhi- obaşdan yeyilir?
Xüsusi hörmətə layiqdi kimə gəlsə “maça”,
Niyə böylə sevilir, milli yemək, kəlləpaça?!

Sanki Tanrıdan gəlib, cümləmizə bir buyuruq,
Yeyirik ulğumadək, həzz alırıq…Çün doyuruq…..
Dumanlanır başımız, ağlımıza son qoyuruq,
Dəyişik salır yerin, sonda kəllə ilə paça,
Niyə böylə sevilir, milli yemək, kəlləpaça?!

Stolun dalında hamımız qardaş olur,
Əlində badə tutan hər birinə sirdaş olur,
Dəbərir qeyrətimiz, vicdanımız da xaş olur,
Bir qədər keçməyir heç, məsləkimiz düşür haça*,
Niyə böylə sevilir, milli yemək, kəlləpaça?!

Eləsi var yedi, amma sözünü deyəmmədi,
Başqası dodaq büzdü, bu “atxod”u bəyənmədi,
Çingiz imkan eləyib, heç doyunca yeyəmmədi,
Kənardan etdi tamaşa, nə qədər “qoyun- qoça”,
Niyə böylə sevilir, milli ymək, kəlləpaça?!…

*Yəni fikirlər haçalanır….

27. 09. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net