OLA BİLMƏDİM

Doğma yurdum- Qarabağım,
Bir tacın ola bilmədim.
Dərdini ağlayan oğlun,
Bir bacın ola bilmədim.

Necə deyim möhkəm dayan,
İndi kimdi haqqı sayan,
Nə bir daşın, nə bir qayan,
Ağacın ola bilmədim.

Dildən-dilə düşdü adın,
Sinəmi çarpaz dağladın,
Dərdini özün ağladın,
Son acın ola bilmədim.

Yoxdu daha gəlib, gedən,
Harayına çatan, yetən,
Xəstə düşdün bu həsrətdən,
Əlacın ola bilmədim.

Ürəyini deşdi xəncər,
Külə necə deyim cücər,
Nə Cəbrayıl, nə Kəlbəcər,
Nə Laçın ola bilmədim.

ƏZİZ MUSA
wwwkafiye.net