Ölümə Gedən Ümidlər.

  

Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən…

Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrə başında  tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu… Sən demə, mənim haqqımda səssizcə danışırmışlar.Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım. Evdəkilər həkimlərə qarşı laqeyid, inamsız, bir az da tərs olduğumu bildiklərindən, məni həkimin yanına aparmaqdan əllərini üzmüşdülər, gələcəkdə həkim olacaq bu qızı ayağımacan gətirmişdilər.

Qonaqlıq yaxşı keçdi. Gedənə yaxın Aygün xanım təcrübə keçdiyi Mərkəzi xəstəxanada müayinədən keçməyim üçün ağzımdan söz aldı: – Sizin haqqqınızda Eldəniz müəllimlə danışmışam. Gözləyəcəm, gələrsiz. Ümid edirəm, məni pərt eləməyəcəksiz.

 

Təəccübləndim ki, bu qızı niyə pərt eləməliyəm; – Pərt səni istəməyən olsun, qız. Pərt niyə olursan onu başa düşmədim.

 

Aygün xanım başıyla oğluma işarə elədi: – Siz gəlin, mən sizə deyəcəm. Gələcəksiz?

Qıza lap minnət elədim: – Daha sənsən, gələrəm.- qız da, evdəkilər də gülüşdü.

 

Daha ağzımdan söz çıxmışdı. Getməyə məcbur idim. Qoca yaşımda yalan danışmaq mənə yaraşmazdı. Oğlum qız dostunu ötürmək üçün evdən bir çıxdılar.

 

İki gündən sonra oğlumla xəstəxanaya getməli olduq. Xanım qız bizi yaxşı qarşıladı. Qandan, tüpürcəkdən analizi də o götürdü. Birlikdə baş həkim Eldəniz bəyin otağına getdik, tanış olduq. Yarım saatdan çox oturmağa hövsələm çatmadı. Baş həkim hər söhbət başı mənə xatırladırdı; yaşınızı nəzərə alın, yaşınızın təhlükəli vaxtlarıdır, İstirahətə gedin, dincəlin və s… O qədər danışdı ki, az qala yaşımdan da, qocalığından da iyrənirdim…

Sonunda analizlərin cavabını gələn həftə götürə biləcəyimizi söylədi.

Axşam oğlum yola çıxmalıydı, rayonların birinə ezamiyyətə gedəcəkdi. “Hazırlıq görməliyik” bəhanəsiylə həkimlə sağollaşdıq, otağından çıxdıq. Oğlum dilə gəldi:

–                     Yazıq bunun əlinin altındakı işçilərin halına. Dayanmır rəhmətliyin oğlu. Elə bil, dilini matora qoşublar.

Bir-iki addım oğlumdan tez gedirdim: – Yazıq Aygün qızımız. Həkimlər onsuzda çox danışırlar.

Oğlum astaca güldü: – Sən ki, indi həkim görürsən. Harda həmsöhbət olmusan?

 

– Düz deyirsən, o vaxt həkim yoxuydu, ha!… – Zarafatyana verdiyim cavab oğlumun xoşuna gəlmişdi.

 

Həftənin ilk günü ağır addımlarla səhər-səhər xəstəxanaya gəldim. Əvvəllər ruhumun dincəlməyi üçün Xəzərdə balıq ovuna gedərdim. İndi yadırğamışam. Sabahdan köhnə vərdişimə davam edəcəm.

Həkimin qapısını döydüm. Qapıdan içəri girəndə həkimin yanında uzun, sıx kiprikləri arasından süzülən göz yaşlarını yanaqlarından silən qız məni görəndə üzünü yana çevirdi ki, ağladığını görməyim. Əlbəttə, bu mənə bir az qəribə gəldi. Həkim mənimlə əlnən görüşdü, qızla üzbəüz olan oturacaqda yer göstərdi. Mən qızı özüm üçün müşahidə edəndə həkim qıza məsləhətlərini verirdi: –  Ümidsiz olub müalicəni yarımçıq saxlamaq düzgün deyil. Valideyinlərinizdən xəstəliyinizi gizlətməklə yaxşı iş görmürsüz.

İncə, rəngsiz dodaqlarının arasından çıxanları güclə eşidirdim: – Valideyinlərim onsuzda öləndə biləcəklər. İndidən onları pis etməyin nə mənası var?

 

Həkim yavaş-yavaş əsəbləşirdi: – Mənası odur ki, yanınızda olacaqlar. Nahaq ümidsiz danışırsız. Ölüm ayağında olan xəstələrim olub ki, bir balaca işığı da özlərinə ümid biliblər. Yaşlarıda ki, səksəni keçib.

 

Qız ayağa qalxdı: – Bizə aldadıcı ümidlər lazım deyil. Məni aldatmayın.Rəfiqəm də bu xəstəlikdən öldü. Dünyanın o başınacan getmişdi.

 

Həkim də ayağa qalxdı: – Daha nə deyim. Zəmanə gəncisiz, söz eşitmirsiz. Ümid həmişə var.

 

Qız: – Ehtiyacım yoxdur daha. Sağ olun.

 

Qız otaqdan çıxdı. Təxminən yaşı iyirmi ikiyəcən olan qızın məni görməməzlikdən gəlməsi qətiyyən mənə təsir etmədi. Bizim vaxtımızda özümüzdən böyük içəri daxil olanda, tanıdıq-tanımadıq, harda oldu, ayağa qalxırdıq.

Həkim qızdakı bəd xəstəliyi deyənəcən böyük-kiçik söhbətini beynimdə çox saf-çürük elədim. Gənc qızın yaxasından mən yaşda olan qocaların da qorxduğu bəd xəstəlik yapışmışdı.

Qızın xəstəliyi öz dərdimi unutdurmuşdu. Müharibə,qan görmüş adamıydım. Döyüşün qızğın yerində nəfəsini tapşıran yoldaşlarının bir əlində avtomat, bir əliylə açıq gözlərini bağlayan adamı altmış üç yaşında hansı xəstəlik qorxuda bilərdi?

Həkim xəstəliyimi deyəndə, səmimiyyətimə inansaz daolar, inanmasaz da, qətiyyən üzümdə heç bir dəyişiklik olmadı. Təkrarçılıq olmasın, müharibədə qanlardan yaranan gölməçələrdə ayaqları batan   adamam.

Düzdür, altmış üç yaş da həyat ömrü üçün çox yaş sayılmaz. Nəticədə, ortada bir həqiqət var. Tez evlənmişəm, kiçik oğlumdan başqa bütün uşaqlarımı yerbəyer eləmişəm, çox güman, dostu kimi təqdim etdiyi həkim qızla evlənəcək, nəvələrim var. Bütün arzularına çatan adam üçün daha bundan sonra can sağlığı ola, ya olmaya, onun üçün fərqi yoxdur. O qız isə…

 

Həkimdən analizlərimin cavabları yazılmış vərəqi götürdüm, sağollaşıb çıxdım. Dayanacağa kimi gəldim. Avtobusumu gözləyəndə gözüm bəyaq həkimin yanında gördüyüm qıza sataşdı. Gözlərini bir nöqtəyə zilləmişdi. İçimdə baş qaldıran xoşagəlməz hisslər məni boğurdu.  Hisslərimin ardınca getdim, yavaş-yavaş qıza yaxınlaşdım. Yaxşı ki, həmişə məni çətinliklərdən xilas edən hissim burda da məni yanıltmadı. Qızın qolundan tutmasaydım, qarşıdan gələn avtobusun altına özünü atacaqdı. Eldəniz həkim əsəbləşməkdə haqlıydı. Bu qız əsəbləri sim kimi dartacaq adamıydı: – Nə iş görürsən ay qız? Camaatı niyə zibilə salırsan?

Qız qolunu çəkməyə çalışırdı: – Sən kimsən? Əlini çək.

 

Şükür,qız səsini yüksəltmədi, üstümə qışqırıb ətrafdakılara məni biabır eləmədi. Qızın qolunu buraxmadım, ikimiz də dayanacaqdan uzaqlaşdıq: – Yekə qızsan, bu nə hərəkətdir edirsən? Xəstəlikdir də, gör, mən özümü öldürürəm?

Qızın qolunu buraxdım, diqqətlə üzümə baxdı: – Siz həkimin yanındakı kişi deyilsiz?

–                     Hə, babayam. Eyni dərdin adamlarıyıq. Sənə baxanda ölmək fikrim yoxdur.

 

Qız ətrafına baxdı: –  İmkan verdiz, axı!…

Qıza təklif elədim ki, parkda bir yerdə oturaq. Razılaşdı, oturduq: – Sənə təsəlli vermək fikrim yoxdur. Onsuzda xeyri olmayacaq. Öz bildiyini edənlərdənsən.

 

Qız gözlərini yerdən çəkmirdi, sağ ayağındakı ayaqqabının burnunu yerə sürtürdü: – Onsuzda öləcəyəm.

Bilmədim nə cavab verim: – Mən də.

Qız təəcübləndi: – Sizdə də o xəstəlikdən var?

 

–                     Nədi? Dünyanı tutub getməyəcəm ki!…Əvvəl-axır mən də ölməliyəm, ya yox?

 

Qız ümidsiz cavab verdi: – Mənim heç iyirmi bir yaşım tamam olmayıb.

 

Belə olmazdı. Gərək qızın başını qataydım, azda olsa həyat eşqini oyadaydım,birtəhər müalicə almağa razı salaydım: – Balıq tutmaqla aran necədir?

 

Maraqla üzümə baxdı. Təsəvvür edirdim nə düşünür. “ Bu kişinin başı xarabdır. Mən hə hayda, bu nə hayda”

Söhbət əsasında valideyinlərinin Rusiyada yaşadıqlarını, özünündə əmisigilə qonaq gəldiyini öyrəndim. Sonra mən suallar verirdim, o cavablayırdı. Birdən-birə ağladı, göz yaşları solğun rəng almış, daha çox ölü rənginə bənzəyən yanaqlarında özünə yol açdı. Onu birtəhər sakitləşdirdim.

Çətin idi!… Sağalması möcüzə olan, adının səndə ikrah yaratdığı xəstəliyin səni günü-gündən zəiflətdiyindən zövq aldığını,canına,qanına qədərişləməsini görmək, çarəsiz qalmaq, sadəcə, ifadə edəbilməyəcəyimiz əzab idi. Əzab!…

Doğmalarını xəstəliyindən xəbərsiz qoyması da böyük ürəyə sahib olmaq demək idi.

 

Adının Samirə olduğunu söyləyən, qısa müddətdə dərd yoldaşım olan qızcığazla bir həftə Xəzərdə balıq ovuna çıxdıq. Tutduğum balıqlar tərpəndiyindən Samirə ilk günlər onları əlinə götürməyə qorxurdu. Həftənin axırıncı günü isə, tamam başqa cür hərəkət etdi. Vedrənin içində sussuz çabalayan bir-neçə balığı üzümə gülə-gülə bir-bir götürüb dənizə tulladı. Təəccüblənmədim, səbəbini soruşmağa da ürək etmədim. Suallarla dolu baxışlarıma gülümsədi: – Neçə gündür məni bura balıq tutmaq bəhanəsiylə gətirmisiz ki, müalicə olunmağa razı salasız.Guya bilmirəm?

 

Haqlı idi…Balıq tutmaqdan çox onu dilə tuturdum. Samirə davam edirdi: – Bağışlayın ki, balıqlarınızı dənizə atmalı oldum.  Fikirləşdim ki, əgər öləcəyəmsə, gərək yaxşı nə isə edim. Əlbəttə savab qazanmaq üçün yox. Daha gecdi.

Samirəni möhkəm öskürək tutdu: – Bircə öskürmək olmayaydı. Sinəmi göynədir.

 

Deyəsən, əlvida vaxtıydı. Bu dəfə hiss etdiklərim xoşuma gəlmirdi. Ürəyim yanırdı,  onu yenə dilə tutdum: – İradəli olmalısan. Ölümə qarşı mübarizə aparmamaqla özünə qəsd arasında heç bir fərq yoxdur. Tərslik eləmə.

Başını yelləyirdi, nə deyirdimsə üzümə gülümsəyirdi. Faydası yoxuydu. Deyəsən, mənə qalib gəlmişdi. Ona müharibədə cavan itirdiyim əsgər yoldaşlarımdan bəhs edirdim. Özümdən asılı olmadı, ona gənc yaşda ölməyin xeyrindən də sayıqlayırdım. Gənc yaşda ruhun bədənindən ayrılırsa, artıq dövranını sürmüş qoca kişidən hardasa şanslısan. Kiçik səhvlərdən böyük səhvlərə addım atmırsan. Yaradanın səni bağışlamaq şansı böyükdür. Təbii, gənc yaşda böyük günahlara qol qoymamısansa!…

Qısası, boyumuza qədər ölçülən kəfənə bükülərək torpağın qoynuna verilməyin ölüm olmadığını izah edirdim.Danışdıqca məyusluqdan və kədərdən yorulduğumu hiss etdim, susdum.

Üzümə baxdı,gülümsədi: – Balıqlara görə məndən incimədiz?

 

Dəli gülmək tutdu məni: – Cəhənnəmə olsun, balıqlar. Elə onlar da sənin tayındı. Hər dəfə bilə-bilə ölümə tərəf gəlirlər.

Dediklərimi sakit qarşıladı: – Əsas odur, bir gün artıq yaşayacaqlar. Bir gün də olsa, mənə duaçı olacaqlar. Bəlkə, çox yaşadım.

 

Axırıncı cümlədən zarafat etdiyi aydınıydı. Qırışmış, damarlarının göründüyü əlimdən tutdu: – Xahiş edirəm, mənə görə narahat olmayın. Onsuzda görüşəcəyik.

 

Susmağa məcbur oldum.Danışsaydım uşaq kimi ağlayacaqdım…

O gündən sonra Samirəni heç vaxt görmədim. Üç ay keçdi. Dəfələrlə güzgü qabağında gözlərimin içinə baxırdım, ürəyimdə özümü çox danlayırdım, özüm-özümə eyni sualları verirdim: – Fərsiz qoca, niyə qızın ünvanını xəbər almadın? Niyə nömrə istəmədin? Hardadır? Ölübmü,sağdırmı? Sağdırsa, balıq tutduğum sahilə niyə gəlmir? Biz görüşəcəyikmi?

 

Və Samirəyə qəsdən deməmişdim: – O zəhrimar mənim də canımdadır!…

 

 

Şəfaqət Cavanşirzadə
www.kafiye.net