Nədən soldu,ey gülüstan,güllərin

Nədən soldu,ey gülüstan,güllərin?
Nədən gəldi belə xəzan üstünə?
Səni gördüm,dumanlandı gözlərim,
Səssiz yandım…boğuldum öz tüstümə.

Nədən gəldi belə xəzan üstünə?
Al yanaqlar nədən oldu zəfəran?
Mən səni görmüşdüm qəmsiz-qüssəsiz,
Mən səni görmüşdüm gülərüz,hər an.

Mən səni görmüşdüm qəmsiz-qüssəsiz,
Mən səni görmüşdüm olduğun kimi.
Mən səni görmüşdüm,olub da nəğmə,
Axıb da qəlbimə dolduğun kimi.

Mən səni görmüşdüm olduğun kimi,
Hər güldən ətirli,baldan şirindin.
Daşlardan süzülən bir bulaq kimi
Gün altda da buzdan ötə sərindin.

Hər güldən ətirli,baldan şirindin,
Qəribə Sənəmdin,Kərəmə Əsli.
Məcnun da,Fərhad da qalmışdı çaş-baş,
Leyli misallıydın,Şirin əsilli.

Leyli misallıydın,Şirin əsilli,
Bir mələkdin,deməzdilər bəşərdi.
Görməyən yazıqdı,görən od tutub,
Dəli olub,dağa-daşa düşərdi…

…Səni gördüm,dumanlandı gözlərim,
Yada düşdü o dünənki günlərin.
Al yanaqlar nədən oldu zəfəran?
Nədən soldu,ey gülüstan,güllərin?..

Məzahir İsgəndər
www.kafiye.net