Bir dəfə ağla

Tale yazısıyla çəkişmək olmaz,
Şair bir söz desin, yadında saxla.
Həyatın məcrasın dəyişmək olmaz,
Yenə ümidini Allaha bağla.

Sənətimdir gözəllərə söz demək,
İlham Pərim bu işdə mənə kömək,
Vallah, günah olar səni sevməmək,
Axtarmışam, çox gəzmişəm soraqla.

Cazibəli duruş, o qəmzə, o naz,
Dəyişir əhvalı, qışım olur yaz,
Mümkünsə gülümsə, gəncləşim bir az,
Demirəm ah çəkib, qəlbimi dağla.

Hər baxışın dünya qədər mənalı,
Çaşıram, gəlməyir sözümün dalı,
Qovuş öz sevginə, duy o vüsalı…
Durul bulaq kimi, yenə də çağla.

Həyatımı şerimdə bitirmişəm,
Hər sətirimdə həyəcan keçirmişəm,
Qəlbimdəkin kitaba köçürmüşəm,
Maraqlansan əgər, götür varaqla.

Günüm iztirablı, acı göz yaşı,
Aradım, tapmadım könül sirdaşı,
Taleyim büdrədi hər addımbaşı,
Sinəmə çəkilən min cürə dağla.

Çingiz duyur, uzaqda deyil ölüm,
Sənə bir vəsiyyət eyləyir dilim,
Ağlamağa meyillisən, gözəlim,
Qəbrimin üstündə bir dəfə ağla.

( şeir 2016-cı ildə yazılıb)
Çingiz Kürdəmirli
www.kafiye.net