İblis nədir?

– Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir?
– İblis!..
H.CAVİD
“”””””””””””””

Didib,parçalayıb özü-özünü,
Unudub Allahı,unudub bəşər.
Baxır da,susur da,seyr edir Allah,
Haqq olub müttəhim,hakim olub şər.

Haqq olub müttəhim,hakim olub şər,
Hər tərəf vahimə,hər yan ölüm,qan!
Rəqs edir,çəkir də İblis qəhqəhə,
Baş əyib,Rəb deyir İblisə insan.

Baş əyib,Rəb deyir İblisə insan,
Allahın KİTABI taxçada qalıb.
İnsanlar İblisdən olub hamilə,
İnsanı Allahın gözündən salıb.

İnsanı Allahın gözündən salıb
İnsanın insana zülmü,vəhşətı.
Bu elə vəhşət ki,elə vəhşət ki,
Cəhənnəm yaşatmaz belə dəhşəti.

Cəhənnəm yaşatmaz belə dəhşəti,
Tutar da başını,ürəyi çatdar.
Hələ də,hələ də seyr edər Allah,
Allahın qəzəbi səbrinin altda.

Allahın qəzəbi səbrinin altda,
Allahın qəzəbi səbrindən uca!
Qoy hələ qan töksün qədəhə İblis,
Qan içsin qoy insan,insan olunca!

Qan içsin qoy insan,insan olunca,
Qan töküb,qoy İblis atını çapsın.
Baş əyib,İblisə qul olan insan
İblisdən çox uca Rəbbini tapsın…

…Allahın qəzəbi səbrinin altda,
Allahın qəzəbi səbrindən uca!
Qoy hələ qan töksün qədəhə İblis,
Qan içsin qoy insan,insan olunca!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net