Həsrətin
Həsrətin gözümdə bir gilə yaşdı ,
Illər ötüşsə də asılıb qalıb .
Həsrətin sinəmdən asılan daşdı ,
Qəlbimin küncünə qısılıb qalıb .

Həsrətin ulduzsuz zülmət gecədi ,
Nə bir işıq ucu, nə ümüd yeri .
Həsrətin şüşəsiz bir pəncərədi ,
Dolub otağıma xəzan yelləri .

Həsrətin qurumuş bulağa bənzər ,
Ruhuma sərinlik gətirmir daha .
Həsrətin saralmış budağa bənzər ,
Arzular, diləklər bitirmir daha .

Həsrətin don vurmuş qönçə çiçəkdi ,
Yaxına gəldikcə üşüdür məni .
Həsrətin çiynimə qonmuş mələkdi ,
Duyur, hiss eləyir, düşünür məni .

Həsrətin yuxusuz açılan səhər .
Həsrətin üzümə bağlanan qapı .
Nə yaxşı dünyada tənha deyiləm ,
Həsrətin mənim tək bir sirdaş tapıb .

Cavanşir Esger
www.kafiye.net