QARA TORPAQ, QUCAĞINA AL MƏNİ

“Mənim sadiq yarım qara torpaqdı.”
Aşıq Veysəl.

Bu dünyaya gələn,gedən nə dərdi?
Gələn də,gedən də dolu kədərdi,
Yaşam eşqim elə bura qədərdi,
Qara torpaq,qucağına al məni!

Salam verdim,dilini lal et,-dedi,
Nə murada,nə kamına yet,-dedi,
Dünya mənə yükünü al,get,-dedi,
Qara torpaq,qucağına al məni!

Dünya məni yağmaladı,dizlədi,
Dərdin verib,dərmanını gizlədi,
Könlüm səni yaman anıb,özlədi,
Qara torpaq,qucağına al məni!

Nə qazandım,əllərimdə nə qaldı?
Göz görmədi,dil sormadı nə haldı?
Dünya məndən alacağın day aldı,
Qara torpaq,qucağına al məni!

Dindirmədi nə sim,mizrab,nə də saz,
Güldürmədi nə gülüstan,nə də yaz,
Day,ümidim göylərə də azdan-az,
Qara torpaq,qucağına al məni!

Bir yar sevib,yara yetməz bir yaram,
Nə sağalmaz,nə də bitməz bu yaram,
Məzahirə bir an, bir gün day,haram,
Qara torpaq,qucağına al məni!..

MƏZAHİR İSGƏNDƏR

www.kafiye.net