Dostum Akifin xahişiylə…

Bir nağıl yaranıb mən doğulanda …
Qismətim alnıma yazılan kimi ,
Asıldım torpağa ayaqlarımdan ,
Güllər saplağından asılan kimi .

Nəfəsim içimə dolanan kəndir ,
Dartılıb göylərə dara çəkildi .
Bu Yer haqqın əzab , dözüm Yeridir ,
Hər gecə üstünə qara çəkildi.

Kötüklər doğrandı kötüklər üstə ,
Doğrayan da bizik , doğranan da biz .
Quruyur ağaclar kökləri üstə …
Qurd yeyib içini səssiz – səmirsiz …

Sərvəti üstündə qıvrılır ilan ,
Hər zərin altında neçə şər yatır .
Dünyaya hökm edib , meydan oxuyan …
Qəflət yuxusunda qoca Şərq yatır .

Duaya uzanan əllər tətikdə ,
Şeytanlar cəhənnəm odundan çıxıb .
Bəyəndin dünyanı bəlkə bu kökdə ,
Ya , Allah olmağın yadından çıxıb ?

Başını itirib mələklərin də ,
Qaçanın , qovanın pənahı sənsən .
ilahi , yapışdıq ətəklərindən …
Sən də üz çevirib hara gedirsən ?

Cavanşir Esger
www.kafiye.net