YENİ İLİN MÜBARƏK.

Xoş arzular asimana bülənsin,
Yerə-göyə,sülh nəğməsi ələnsin,
Gülləyə yox,Vətən gülə bələnsin,
Dilə gəlib qoy söyləsin hər ürək,
Azərbaycan,yeni ilin mübarək!

Müqəddəsdi övladına torpağın,
Şir biləkli oğullardı dayağın,
Səmaların bəzəyidi bayrağım,
Qoy ələnsin qucağına gül-çiçək,
Azərbaycan,yeni ilin mübarək!

Bənzəyirik coşqun-daşqın selinə,
Yox,tapılmaz dönük çıxan elinə,
Bir kəmərtək bağlanmışıq belinə,
Diləyimiz olub sənə xoş dilək,
Azərbaycan,yeni ilin mübarək!

Dildən-dilə düşüb şanın-şöhrətin,
Əzəmətin,dəyanətin,qüdrətin,
Məğrur dayan,bükülməsin qamətin,
Əyə bilməz səni əsən hər külək,
Azərbaycan,yeni ilin mübarək!

Dağlansa da dağ sinəsi dağların,
Dönəcəkdi gülüstana bağların,
Qayıdacaq yenə xoşbəxt çağların,
Oymayacaq gül köksünü top-tüfəng,
Azərbaycan,yeni ilin mübarək!

Zaur VEDİLİ
30.dekabr.1994.
www.kafiye.net