Harda Arayım

Yollara baxmaqdan gözüm usanır,
Yollar qısalmır ki, yollar uzanır.
Cismim itirəni ruhum qazanır,
Həsrət alovunda varlığım yanır,
Məni məndən alan, məhəbbət payım,
Söylə,səni harda gəzim, harda arayım.

Sənə qovşmağa yox bir əlacım,
Carəsiz qalmışam,çəkilməz acım.
Sanki lal olubdur,torpağım daşım,
Səni məndən alıb qanlı göz yaşım,
Ünüm yetməz olub, yoxdur harayım,
Söylə, səni harda gəzim,harda arayım.

Bir ömür dilimdə sənsən əzbərim,
Səni unutmağa catmır hünərim.
Mənə divan tutur bu dərdi-sərim,
Sən mənim ürəyim,ruhum,sərvərim,
Sənsiz nur ələməz günəşim,ayım,
Söylə,səni harda gəzim, harda arayım.

Bir bahar səhəri mehdə-jalədə,
Bir yaşıl zirvədə,dağda-dərədə.
Mən səni görürəm hər vaxt,hər vədə,
Yaşayır qəlbimdə vurduğun zədə,
Qarlı qışa dönüb baharım yayım,
Söylə, səni harda gəzim harda arayım.

Pünhanəyəm, mənə cavab ver barım,
Bilim sən olmusan yox ikən varım.
Səni ağritmırmı bu qədər ağrım,
Barı yuxuma gəl vəfasız yarım,
Sən mənim qismətim,sən mənim tayım,
Söylə səni harda gəzim,harda arayım….

Punhane Eliyeva
www.kafiye.net