Kənddəki evimizin uğursuzluğu – 2

(povest)




Nəfəs almağım üçün əllərini boğazımda boşaltdı, mənə ” Pəncərəyə bax ” dedi. Səs özgənin xırıltılı səsiydi. Artıq dəqiq bilirdim, mən nənəmin yanında öləcəm, xəbəri olmayacaq. Axı nənəm sovet arvadıdır, gərək yuxusu yüyrək ola.

Pəncərəyə baxıram, heç kim yoxdu.

 

Kimdi bilmirəm, üstümdən düşdü, mənim boğazımı buraxmadan ayağa qaldırdı, pəncərəyəcən apardı. Çox su içdiyimdən altımı islatmamağıma özüm də təəccüblənmişdim. Naməlumun yanında çoxdan biabır olmalıydım. İstər-istəməz bağın içindəki tualetə baxmalı oldum. Normalda həyətə baxmalıydım. Tualetdə xarabalıqdan əsər-əlamət qalmamışdı. İlahi, bu nədir? Tualetin bəzəkli qapısı açıq, işıqlı, içində körpə uşaq, mənə gülümsəyir. Deyəsən, ölməmişdən əvvəl adama havalanmaq gəlir.

─Əxlaqsız, öldürəcəm səni! –əcaib, xırıltılı səsi yenə eşitdim.

─O uşaq…. O uşaq….

Cümləmi heç cür tamamlaya bilmirdim.

Məni boğan kimiydisə, çox arifiydi.

─Bicindir.


Xatırladım, ailəli olanda bir dəfə hamilə qalmışdım. İki həftəlikiydi. Boşanmağa qərar verdiyim gün ürəyimin dərinliyində ana olmaq istəmirdim. Ehtiyyatsızlıqdan bətnimdəki körpəmi itirdikdən sonra anlamışdım, körpəm bətnimdə olan gündən artıq mən anaydım. Uzun müddət özümə gələ bilməmişdim. Televizorda körpələrlə bağlı reklamları gördükcə ixtiyarsız ağlayırdım. Lakin mənim uşağımın atası məlumuydu.


Həqiqətdə həyətdən pəncərəyə düşən işıqdan məni öldürmək istəyən naməlumu görməliydim, mümkün olmadı. Üzü qapqaraydı, kişi xəylağı olmağı mümkün deyildi.


Fiqurasından nağıllardakı ifritəyə bənzər varlığın mənimlə zarafat etməsini istəmək indiyəcən arzularımın ən birincisi olmuşdu. Yaşamağın dəyərli olduğunu o an hiss eləmişdim. Təpiklə iki qıçının arasından vurmağa çalışdım. Necə ki baxdığımız kinolarda qadın ona təcavüz edən kişini eləcə vurub belini bükürdü ha, bax, mən də çalışdım, alınmadı ki, alınmadı. Əvəzində iki ayağım yerdən əlini üzdü, havadan asılı qaldı. Gücüm əllərimlə əllərini boğazımdan ayırmağa çatırdı. Güclə son nəfəsimi aldığımı hiss edirdim. Son dəfə tualet tərəfə baxdım, mənə baxan körpə ağlamağa başladı. Mənim də gözümdən yaş gəlirdi. Ölməyimə ağlayırdım. İfritə boğazımdan əllərini çəkdi, yerə dəyərək sərildim. Otağın işığı yananda gözlərim yumulmuşdu.


Gözlərimi açanda evdəkilər başımın üstündəydi. Hardansa tapdıqları molla qardaş onlardan daha yaxın stulda oturub mənim üçün dua oxuyurdu. Özümü xortdayıb ölümdən qayıdan kimi hiss elədim. Gərək hamı şoka düşəydi, anamın ürəyi gedəydi. Yox, mənimki ölüb-dirilmək məsələsi deyildi.

─Qıza pis toxunublar – ilk eşitdiyim səs molla qardaşın səsi oldu.



Molla qardaş cavanıydı, deyərdim üzdən də uşağa oxşayır. Əlində “Qurani-Kərim”, hansı surəsiydi bilmədim, dua oxumağa davam edirdi.


Rəfiqəm adama toxunan varlıqlar haqqında danışanda gülərdim, gecə başıma gələnlərdən sonra daha hər şeyə inanmağa hazırıydım.


Yenə də danışa bilmirdim, su istəyirdim, dilim-dodağım qurumuşdu. Anama baxdım, dilimlə dodağımı islatdım. Deyirlər balanı anadan yaxşı heç kim duya bilməz, vallah, düz söhbətdi. İslanmış dodağımdan anam ciyərimin yandığını başa düşdü, suyu beş saniyəyə gətirdi, bir əlini kürəyimin altına saldı, bir az qaldırıb suyumu içizdirdi. Suyu içəndən sonra danışa biləcəyimi hiss elədim. Molla qardaşın dualarını bitirməyə hövsələm çatmadı.


Birbaşa anamdan soruşdum:

─Məni boğan kimiydi?

Nənəm:

─Sənə toxunublar, bala. İşığı yandıranda yerdəydin, -dedi.

─Məni qadın boğurdu. Tualetdə uşaq vardı.

Molla qardaş astaca ” Bismillahir rəhmanir rəhim ” dedi, sonra davam elədi:

─Bacı, gözünə cin-şeytan görünüb.

─Mənə “Adımızı batırmısan!” deyirdi. Bağdakı tualetdə uşaq vardı. Gözümlə gördüm.

Dədəm:

─Şəfi, tualetdə uşaq nə gəzir? Gözünə görünüb, –dedi.

Nənəmin yadına nə düşdüsə, molla qardaşdan soruşdu:

─Bir söz soruşum, bizim evlə bağlı nəsə bilirsən?

Molla qardaş nənəmə cavab verməyə tərəddüd edirdi.

─Vallah, evlə bağlı rəvayətlər eşitmişik. Onda mən heç yoxuydum. Qoca nənəm var, ondan eşitmişəm.

Atam soruşdu:

─Nə eşitmisən?

─Guya evin otaqlarından biri tamam yanıb.

─Hansı otaq? –həyəcanla soruşdum.

─Onu bilmirəm.


Molla qardaş bir az da dua oxuyandan sonra məni sabah dədəmlə öz evində gözləyəcəyini dedi. Qorxuluğumu canımdan çıxartmalıydı.


Günortadan sonra nənəmlə dünən qatıq aldığımız evə getdik. Nənəm cin-min söhbətlərinə qız vaxtından inandığı üçün bu işin axırına çıxmaq istəyirdi.


Qapını döydüm, yenə dünənki gəlin açdı. Salamlaşdıq, nənəm qaynanasını görmək istədiyini dedi. Bizi evə dəvət elədi.


Qaynanası Cəvahir nənə ( Ümumiyyətlə, nənəm yaşında, babam yaşında olanlara nənə-baba deyirəm) bizə xoşgəldin elədi, gəlini çay süfrəsi açdı, bişirdiyi gilas mürəbbəsindən də qoydu süfrəyə.


Yarım saatdı nənəm gəlməyinin səbəbindən söhbət açmır, hövsələm daralır, arvadla gəldiyim üçün peşman oluram.


Sonunda nənəm əsl səbəbə gəldi.

─Cəvahir bacı, dünən başımıza qəribə iş gəlib. Gecə uşağa da, mənə də toxunublar.

İlahi, otuz yaşımı tamam eləmişəm, arvad hələ də mənə uşaq deyir! Elə mənə uşaq dedikləri üçün özümü qadın kimi hiss edə bilmirəm. Və bu minvalla belə qərara gəlirəm ki, müsəlman ölkələrində valideyinlər övladlarına sərbəst qərar vermələrinə geniş imkan yaratmadığından hər birimizin görünüşü böyüyür, ruhumuz uşaq olaraq qalır. Valideyinlərimiz köçdükdən sonra ağsaqqal, ağbirçək statusunu 100 % qazanırıq. Nənəm bir gecədə başımıza gələn hadisəni bir kitablıq əsər formasında danışdı, ürəyim üzüldü.

“ Ürəyin üzülsün, nənə! Qısa kəs dəə! ”



Hiss elədim, gəlinin də ürəyi sıxıldı. Ağıllı gəlindir, məni yataq otağına dəvət elədi, mən öz taleyimdən, o öz həyatından danışdı. Sənubərin məndən on yaş kiçik olduğunu biləndə inanmamışdım. Görünüşü yaşından on dəfə böyük idi…Necə deyərlər, sümüyü iri qızlardandı. Yoldaşı rayonda Coğrafiyadan dərs deyir, açılan kursların birində də uşaq hazırlaşdırırdı. Sənubərin çoxlu kitabları vardı. İstər dünya ədəbiyyatından olsun, istər yerli ədəbiyyatdan. Sağollaşanda bir-iki kitab da verdi ki, oxuyub qaytarım.

─Arvad nə dedi sənə?

Nənəm dizinə vurub, başını yellədi:

─Zibilə düşmüşük, ay toba! Atana dedim də, dedim, evi almamış soraqlamaq lazımdır! On beş minə üç otaqlı, geniş bağı olan evi satarlar? Əməllicə poxa düşmüşük!

─Ay nənə, hövsələmi niyə daraldırsan? Düzəmməli de görüm nə dedi də!

─Evdə ruh var.

Ayaqlarım tərpənmədi. Nənəm bir az qabağa gedəndən sonra gəlmədiyimi bildi, geri boylandı.

─Az, sən niyə dayandın? Gəlsənə!

─Nənə, dəqiq evdə ruh var? Arvad dəqiq elə dedi?

─Az, səyləmə, düş qabağa!

Nənəm yanımacan gəldi, qolumdan tutub özündən qabağa itələdi.

─Mən bilirəm neyləmək lazımdır. O mollanı çağırarıq, Quran oxuyar, keçib gedər.

─Hə də… bizdən əvvəl alan ev sahibinin ağlına gəlməyib, axı!

Nənəm kinayəylə dediyimi bildi.

─Nə varsa bizim yatdığımız otaqda var. Axşam qonaq otağında yatarıq.

─Mən dədəmgillə yatacam!

─Sənin başın üçün elə! Tək qoyacaqsan az, məni?

Hərdən mənə elə gəlir ki, nənəmdən olsa, əzrayılın yanına da cüt gedərik. Hara getsə əri kimi məni qoşur yanına. Hara getmək istəsəm, dədəmdən əvvəl soruşar.

─ Kimlə görüşürsən? Rəfiqən kimlərdəndir? Haralıdır?

Yersiz suallarından bezib o qədər yalan danışmışam ki! Eh nənə….


Axşam şam yeməyindən sonra dədəm balaca araq butulkasını yemək yeyə-yeyə öncə bizim, sonra şəhərdə yaşayan nəvələrinin sağlığına əlli-əlli vurandan sonra kefi kök, hamımızdan əvvəl yatmağa getmişdi. Bir az sərxoş idi, amma özünü idarə edirdi. Dədəm araqdan sonra çaxırı və ya pivəni içəndə özünü idarə edə bilməyənlərdən olurdu. Yeyib-içdikdən sonra əsəbləşdirən olmasa, danışıb-gülürdü. Bu halı, bilmirəm niyə, mənim çox xoşuma gəlirdi.


Gecə anamla yerimizi qonaq otağında saldıq. Bu otağın da işığını yanılı qoyduq. Saat altıdan sonra hər ehtimala qarşı su içmədim. Tərslikdən yuxum gəlmir, ağılsızlıqdan Sənubərdən götürdüyüm kitabı dünənki otaqda qoymuşam. Kitab oxumamış yata bilməyəcəkdim. Nənəm çoxdan yatmışdı. Doqquzuncu sinifdə oxuyanda yuxuda əzbərlədiyim ayətül-kürsünü oxuya-oxuya nənəmlə vahiməmizə səbəb olan otağın qapısına yaxınlaşdım. Otaq anamgilin yatdığı otaqla üzbəüz olduğu üçün bir az ürəkliydim. Əlimi qapının cəftəsinə yaxınlaşdırıram, cəftəyə toxunmamış əlimi çəkirəm. Qapı cırıltısının səsini eşitdim, qanım bədənimdə dondu, qorxudan üşüdüm.




Ardı var…



Şefaqet Cavanşirzade
www.kafiye.net