İSTƏYƏ ÇATSA DA SEVİNCİ DUYMUR

Sevinc yeli əssə, ömrün başında,
Sovurar göylərə qəmli dumanı.
Bəxti üzə gülsə gənclik çağında,
İnam əvəz edər gələn gümanı.

Sərvət dolu, zər -zibalı böyüyən
Qəm doyumlu, Yox dadını bilərmi?
Sabahıma qalsın deyə, az yeyən
Qürurlu kəs, yaddan imdad dilərmi?

Qəlbi kimi, səma təmiz olsa da
İmkansızın üstünə dərd, qəm yağar.
Bəxt şəfəqi, təsəllidən alsa da
Nurlu Günü ləngiyərək gec doğar.

Ayılar ki, ili – ilə qatıbdı,
Candan yeyən əzab gözü doymayır.
Göz görsə də istəyinə çatıbdı
Qəlbi daha, o sevinci duymayır.

Silinməz iz qoyub, gözü dikdiyim,
Hər şey öz vaxtında gözəlmiş, ancaq.
Çıxmır körpəlikdə həsrət çəkdiyim
Qonşu uşağında olan oyuncaq.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net